Azərbaycan Türkiyə və Suriya üçün 100 milyon dollar ayırdı
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, - rəsmi açıqlamada deyilir.
İsveçin Baş naziri Ulf Kristerssonun məlumatına görə, "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı beynəlxalq donorlar konfransında 7 milyard dollara yaxın yardım toplanılıb. O, zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini bildirib.
Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, bu konfrans hələlik başlanğıcdır: "Bu gün beynəlxalq ictimaiyyətin Türkiyə və Suriyadakı yenidənqurma səylərini güclü şəkildə dəstəklədiyini görməkdən çox xoşbəxtəm. Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox iş gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik. Biz öhdəliklərin tam və vaxtında yerinə yetirilməsini təmin edəcəyik".
Konfransa canlı bağlantı ilə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ursula fon der Leyenə və Kristerssona təşəkkür edib. "Bu çətin günlərdə bütün dostlarımızın, qurumları, üzv və namizəd ölkələri ilə Avropa İttifaqının, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların həmrəyliyini heç vaxt unutmayacağıq”.
Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Komissiyası və Aİ-yə bu il sədrlik edən İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı keçirilirdi