Azərbaycan Ukraynaya elektrik avadanlıqları göndərib
Bu humanitar yüklər barədə Energetika Nazirliyindən məlumat verilib
Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2023-cü il tarixli sərəncamına uyğun olaraq humanitar yardımın elektrik avadanlıqlarından ibarət ikinci hissəsi Ukraynaya göndərilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Humanitar yüklərə 900 min metrdən çox elektrik kabeli və naqilləri, həmçinin 18 transformator və transformator yarımstansiyası daxildir. Bu gün Sumqayıt Sənaye Parkının ərazisindən Azərbaycan Energetika Nazirliyi tərəfindən humanitar yardımın daşındığı 23 yük maşınından ibarət karvan yola düşüb.
Dövlət başçısının tapşırığı ilə humanitar yardım çərçivəsində yaxın vaxtlarda Ukraynaya ümumi dəyəri 7,6 milyon dollar olan elektrik avadanlıqlarının növbəti göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu humanitar yardımın ilk hissəsi bu il oktyabrın 30-da Ukraynaya göndərilib.