Azərbaycan və Fransa XİN rəhbərlərindən açıqlama VİDEO
Ceyhun Bayramov: "Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb"
Ötən il Azərbaycan-Fransa diplomatik münasibətlərinin təsis edilməsinin 30 illiyi tamam olub. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri çox dinamik inkişaf edən və çoxşaxəli əlaqələr olub. Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, iki ölkə arasındakı münasibətlər, sözün əsl mənasında, ən müxtəlif sahələri əhatə edən uğurlu əməkdaşlıq kimi səciyyələndirilə bilər. “Biz bu uzun müddət ərzində olduqca strateji bir sıra sahələrdə böyük birgə layihələr həyata keçirmişik”, - deyə C.Bayramov əlavə edib.
"Azərbaycan və Fransa arasında geniş əhatəliliyə baxsaq, burada həm sosial, humanitar, mədəniyyət, təhsil, elm, texnologiya və bir sıra digər sahələrdə birgə fəaliyyət, qarşılıqlı faydalı əməkdaşlıq müşahidə olunub. Bu müddət ərzində ölkələrimiz arasında parlamentlərarası əlaqələr mövcud olub, dostluq qrupları fəaliyyət göstərib, ölkələrimiz arasında qarşılıqlı çoxmilyardlı həcmdə investisiyalar edilib. Eyni zamanda, biz səmimi şəkildə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan öz Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və legitim hüquqa əsasən öz torpaqlarını azad etdikdən sonra Ermənistan-Azərbaycan postmünaqişə normallaşma mərhələsi ilə bağlı, yumşaq desək, bizim ölkələrimiz arasında bir sıra fikir ayrılıqları mövcud olub. Son iki il yarımlıq bir müddəti siyasi gündəlik baxımından dəyərləndirsək, bu, hansısa yeni siyasi təmasların, layihələrin, inkişafın deyil, hansısa qarşılıqlı diplomatik debatlar, fikir ayrılıqlarının nümayiş etdirilməsi fonunda keçib”, - deyə nazir qeyd edib.
"Azərbaycan heç vaxt Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbkarı olmayıb və hər zaman əlaqələrin müsbət müstəvidə inkişaf tərəfdarı olub. Ölkəmiz bunun üçün səylər göstərib". Nazir deyib ki, münasibətlərdə fikir ayrılığı olan zaman Azərbaycan tərəfi təmaslardan heç zaman çəkinməyib. Bu müddət ərzində də müxtəlif səviyyələrdə təmaslar intensiv olaraq davam edib.
Fransa istəyir ki, Azərbaycan və Ermənistan arasında sülh olsun. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsi üçün cəhdlər edir və bunu alqışlayırıq. Sülhə gedən yol çətin yoldur, səbir, təmkin tələb edir. Bununla bağlı gələcək panlar da qurulmalıdır.
Bu sözləri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib.
“Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Növbəti illər ərzində sülh sazişinə nail olmaq lazımdır. Biz istərdik ki, danışıqlar məhsuldar olsun”, - deyə Ketrin Kolonna qeyd edib.
"Azərbaycan və Fransa tarixi tərəfdaşlardır. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Azərbaycan öz tarixində ağır yol keçib və bunu görmüşük". Bunu da K.Kolonna deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsində xeyli ölən və yaralanan olub, bu, olduqca təəssüflüdür. “Biz minadan təmizlənmə işlərinə dəstəyimizi vermişik və bu məsələnin həlli insan həyatını qorumuş olar. Fransa Azərbaycana minadan təmizlənməyə görə yarım milyon avro həcmində yardım edib. Minalara görə qurbanlar olub, ümid edirik ki, bundan sonra bu, daha davam etməyəcək”, - deyə Ketrin Kolonna bildirib.
Fransa uzun illər ərzində - 25 ildən artıq müddət ərzində keçmiş Minsk Qrupunun həmsədri qismində bu münaqişənin həlli istiqamətində çox fəal rol oynayıb. Fransa bütün Avropa ölkələri arasında münaqişənin tarixini ən yaxşı bilən, ən fəal rolu olan bir tərəfdir. 2020-ci ilin Vətən müharibəsinədək danışıqlar prosesinin, vasitəçilərin çağırışları, Ermənistana təzyiq edəcəyi ilə bağlı Azərbaycanın gözləntiləri vardı. Sonradan bu uzunmüddətli gözləntilər məyusluğa çevrilmişdi. Ancaq bizim tərəfimizdən qaldırılan məsələlərin cavabı hər zaman ondan ibarət idi ki, siz bizi başa düşməlisiniz. Bizim vasitəçi rolumuz və vasitəçi funksiyamız var. Ona görə biz heç bir tərəfə birbaşa müraciətlər etməməliyik, biz bir çərçivə yaratmalıyıq. Bu platforma çərçivəsində Ermənistanla Azərbaycan arasında danışıqları, birbaşa təmasları təşkil etməliyik və bunun nəticəsində sülhə nail olmalıyıq.
Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, müəyyən mənada bizim xoşumuza gəlmirdi. Çünki bu, faktiki olaraq təcavüzkar ölkə ilə təcavüzə məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoyurdu. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan buna təmkinlə yanaşırdı. Bunu anlayışla qəbul edirdi ki, bu, beynəlxalq vasitəçilik roludur, beynəlxalq düzənin bir qaydasıdır. Ancaq 2020-ci ildən sonra biz bir çox hallarda bir sıra fərqli davranışlar görürük”, - deyə nazir əlavə edib.