XƏBƏRLƏR / Qonşular

Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizinə gedib

YENİLƏNİB/FOTO

Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizinə gedib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 18:02

    Yaxın həftələrdə İran və Azərbaycan arasında Birgə Nəqliyyat Komitəsi fəaliyyətə başlayacaq.

    Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.

    O bildirib ki, komitənin yaradılmasında məqsəd dəmir yolu, avtomobil yolu, hava və dəniz nəqliyyatı da daxil olmaqla, nəqliyyatın bütün sahələrində birgə layihələrin həyata keçirilməsini sürətləndirməkdir.

    Fərzanə Sadiq əlavə edib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə keçirilən görüşdə də komissiya çərçivəsində geniş müzakirələr aparılıb.

    Nazir qeyd edib ki, səfər zamanı ticarət, nəqliyyat, enerji, neft və qaz sahələrində əlavə anlaşmalar əldə olunub.

    Fərzanə Sadiqin sözlərinə görə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən əvvəl sərhəd, nəqliyyat, gömrük, ticarət, limanlar və dənizçilik sahələrinə dair anlaşma sənədləri hazırlanacaq.

    O vurğulayıb ki, İran və Azərbaycan son illər ərzində tranzit və nəqliyyat sahəsində uğurlu birgə tədbirlər həyata keçirib və iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanacağı gözlənilir.

    ***

    14:29

    Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.

    Şahin Mustafayev və Fərzanə Sadiq həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər.

    Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.

    Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.

    Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.

    Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.

    ***

    11:14

    Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilana səfər edib.

    Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən, Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçirəcəklər.

    Qeyd edək ki, həmin infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir.