Azərbaycan və Özbəkistanın energetika sahəsində Yol Xəritəsi
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib
Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalanıb.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.
İmzalanma nazirin Özbəkistanlı həmkarı Şerzod Xocayevlə görüşü çərçivəsində baş tutub.

P. Şahbazov tərəflərin həmçinin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafına uyğun olaraq enerji əməkdaşlığının yeni mərhələsini, "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi"nin inkişafı, neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi və investisiyalar üzrə tərəfdaşlığı dəyərləndirdiyini bildirib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə qeyd edilir ki, Sənəddə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsi, neft-qaz sektorunda geoloji-kəşfiyyat və hasilat üzrə əməkdaşlıq, neft və neft məhsullarının tədarükü, emal sahəsində birgə layihələrin inkişafı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Özbəkistanda fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yol Xəritəsi, həmçinin enerji səmərəliliyi və istilik energetikası sahələrində təcrübə və bilik mübadiləsinin gücləndirilməsini əhatə edir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin liderliyi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin bu ilin avqustunda Özbəkistana dövlət səfərinin iki ölkə arasında münasibətlərə, o cümlədən enerji əməkdaşlığına yeni təkan verdiyi vurğulanıb. Dövlət başçılarının müəyyən etdiyi hədəflərin həyata keçirilməsində energetika sahəsində birgə layihələrin və qarşılıqlı investisiyaların mühüm rolu qeyd edilib.
Bundan başqa Azərbaycanın Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi məqsədilə Qara dəniz, həmçinin Türkiyə istiqamətində inkişaf etdirdiyi enerji bağlantılarının Mərkəzi Asiyadan Avropaya uzanan daha geniş yaşıl enerji marşrutunun formalaşmasına imkan yaratdığı bildirilib.
2 dəqiqə