Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın iclası
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdədir
15:45
Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Serbiya liderlərinin siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
Nazir Sahil Babayev iki ölkə arasında sosial, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə sıx münasibətlərin olduğunu diqqətə çatdırıb. O, bu gün imzalanacaq protokolun növbəti tədbirlərin həyata keçirilməsinə rəvac olacağını qeyd edib.
Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç iki ölkə arasında münasibətlərin bütün sahələrdə olduğu kimi siyasi müstəvidə də inkişaf etdiyini diqqətə çatdırıb. “Biz beynəlxalq siyasi arenada eyni dəyərləri bölüşürük. Serbiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıdışını təbrik edirəm”, - deyə nazir əlavə edib.
İqtisadi və ticari göstəricilərin çox yüksək səviyyədə inkişaf etdiyini deyən həmsədr Azərbaycan qazının Şərqi və Qərbi Avropaya nəqlində Serbiyanın bir vasitəçi rolunu oynamaq istədiyini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan və Serbiya arasında vizasız rejim mövcuddur, lakin birbaşa uçuşlar həyata keçirilmir: “Biz bu məsələnin bu ilin sonuna qədər həll yolunu tapmalıyıq. Bu, həmçinin biznes əlaqələrinin inkişafına töhfə verə bilər”.
Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında fəal əməkdaşlıq olduğunu, xüsusilə ərazi bütövlüyü məsələsində Azərbaycan və Serbiyanın bir-birini dəstəklədiyini bildirib. Serbiya və Azərbaycanın iqtisadi-ticari münasibətlərə böyük önəm verdiyini vurğulayan nazir müavini turizm, təhsil və digər sahələrdə də əlaqələri inkişafının önəmini qeyd edib. O, viza rejiminin aradan qaldırılmasının önəmli məsələlərdən biri olduğunu deyib.
Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ikitərəfli diplomatik münasibətlərin ənənəvi dostluq və qarşılıqlı dəstəyə əsaslandığını söyləyib. İqtisadi, hərbi və siyasi sahələrdə birgə təşəbbüslər həyata keçirildiyini bildirib.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi sahədə ikitərəfli münasibətlərin əhəmiyyətli dərəcədə artdığını və bu əlaqələrin 5 dəfə böyüdüyünü qeyd edib. O, bir sıra Serbiya şirkətlərinin Azərbaycanda aktiv fəaliyyət göstərdiyini vurğulayıb və Azərbaycanın yaşıl enerji və 4-cü Sənaye İnqilabının mərkəzinə çevrilməsini əsas məqsəd olaraq göstərib. Nazir müavini işğaldan azad edilmiş ərazilərdə tikinti və quruculuq işlərində Serbiya şirkətlərinin iştirakını arzuladığını söyləyib və Serbiyadan olan həmkarlarını COP29-a dəvət edib.
Serbiya İqtisadiyyat Nazirliyinin dövlət katibi, xanım Andrea Horvat Kralj bildirib ki, Azərbaycan investorları üçün Serbiyadakı investisiya imkanları haqqında mesaj vermək əməkdaşlığın inkişafına böyük töhfə verə bilər. Serbiyada investisiya mühiti, gələcək layihələr və potensial sahələr haqqında daha ətraflı məlumat vermək investorların marağını artırmaq üçün faydalı ola bilər. Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar atılmalıdır.
Sonra Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur.
İclasdan sonra keçirilən brifinqdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaşıl enerji dəhlizinin Azərbaycan üçün önəmli məsələlərdən biri olduğunu bildirib. “Ölkəmizin yaşıl enerji potensialı 150 QVt-dan artıqdır. Məqsədimiz bu enerjinin Avropa bazarlarına çıxışını təmin etməkdir. Həmçinin qeyd etmək istəyirəm ki, qısa zamanda Azərbaycanın yaşıl enerjisinin Serbiyaya ixracı planlaşdırılır”, - deyə o, əlavə edib.
Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç diqqətə çatdırıb ki, qarşılıqlı münasibətlərin dərinləşməsində iki ölkənin prezidentlərinin böyük rolu var: “Birbaşa uçuşların təşkil olunması da vacib məsələdir, biznes imkanlarının inkişaf etdirilməsi əhəmiyyətlidir. İnanıram ki, çox sahədə əməkdaşlıq edə bilərik”.
***
12:03
Bu gün Bakıda Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-cı iclası işə başlayıb.
İclasda iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Nikola Selakoviçin görüşündə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, ötən dövrdə ikitərəfli əlaqələrin inkişafı sahəsində görülmüş işlərə, Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S. Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
İki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının, bir çox sahələr üzrə əməkdaşlıq sənədlərinin imzalandığı, dostluq və qarşılıqlı etimad əsasında əlaqələrimizin daim genişlənməkdə olduğu qeyd edilib.
Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması yüksək qiymətləndirilib. Ticarət əlaqələrinin artmaqda davam etdiyi, bu ilin 6 ayında da Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin 5,24 dəfə artdığı bildirilib. Ötən dövrdə Bakı və Belqradda 12 biznes forum və işgüzar görüşün keçirildiyi, bu tədbirlərin ölkələrimizin iş adamları arasında əlaqələrin inkişafında, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında mühüm rolu vurğulanıb.
N.Selakoviç ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə, qarşılıqlı hörmətə əsaslanan əlaqələrinin daim genişlənməsindən məmnunluq ifadə edib, əlaqələrin gələcək inkişafı üçün davamlı işlərin aparıldığını bildirib.
İclasda müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirlib. Ticarət-iqtisadi əlaqələrinin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika, əmək və sosial müdafiə, kənd təsərrüfatı, təhsil və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.