Azərbaycan xalqı kimdir deyə evimizdə axtarışa çıxdım.
Qardaşımı ancaq marketə-zada göndəririk. Bacım evdə təmizlik işlərinə baxandır. İşçi qüvvələridir. Yəni düşünən, fikir, ideya irəli sürən, diqtə edən deyillər. Atamın sözü keçmir. Heç özü də sözünün keçməyini istəmir. Həm məsuliyyətdən qorxur, həm də sözünün keçməməyinə sanki vərdiş eləyib. Bircə anam qalır, bir də mən. Azərbaycan xalqı anamdır. Hamımızdan az işləyir, hamımızdan az düşünür, amma birmənalı şəkildə hamımız onunla hesablaşırıq. Həmişə onun dediyi olur. Anam evdə südməramlıdır. Ağzımızı açan kimi hamımızı südü ilə hədələyir. Qorxumuzdan sakit otururuq.
Xalqın içində avtoritarizmi yaşadan və onu informasiya kimi növbəti nəslə ötürən analardır. Belə anaların qızı də ər evində avtoritar olur. O da öz həyat yoldaşını, uşaqlarını öz diqtəsinə vərdiş elətdirir.
Evdə bacım məni tərifləyəndə anam ağzını büzür, qardaşım tərifləyəndə nəm-nüm eləyir, atam tərifləyəndə deyir ki, ikiniz də bir-birinizin tayısınız. Bircə qonşu məni tərifləyəndə anam inanır, ləzzət alır. Çünki qonşu anamın rəqabət obyektidir. O gün evə gəlmişəm. Anam fəxrlə mənə qayıdasan ki, Validə səni tərifləyirdi. Soruşdum ki, Validə kimdir? Deyir, balıqsatan qonşu.
Demək, beş kitab yazmışam, hələ neçə kitabım çapa hazırlanır, neçə-neçə kitablar yazmaq niyyətim var, ölkədə az-çox tanınıram, az-çox insan sevgisini, hörmətini qazanmışam. Bu qədər şeyi anam görmür, bunlara görə mənə inanmır, bəyənmir. Bircə Validənin tərifləməyi ilə anam mənimlə fəxr eləyir.
Azərbaycan xalqı anamdırsa, qalan hamımız işçi qüvvəsiyiksə, sözümüz keçmirsə, anam da ancaq qonşu ilə hesablaşırsa, demək, Validə də xarici qüvvədir. Ona görə də ölkədə bir balaca hərəkətlənmə olan kimi hökumət dərhal xarici qüvvə izi axtarmağa başlayır. Bilir ki, bu xalq özü kiməsə etiraz edəcək və ya özü kimisə sevəcək zehniyyətə və düşüncəyə sahib deyil.
Anamın zehniyyətini rus iperializmi işğal edib. Atam Türkiyədir. Bacım, qardaşım balaca-balaca türkdilli xalqlardır. Mən isə Qərbəm. Hərdən bunları xilas etmək istəyirəm, hərdən də fikirləşirəm ki, özü xilas olmaq istəməyən adamları xilas etmək mənim nəyimə lazımdır. Elə hazır hamısı mövzudur, baxıram, yazıram, kitab çap elətdirib satıram. Bunları özüm üçün xammala, kapitala çevirirəm.