Azərbaycan yeni döyüşlərə başladı! Müharibə bizə nə gətirdi?

  • Oxuma müddəti:

    13 dəqiqə

  • 44 günlük II Qarabağ Vətən Müharibəsindən fərqli olaraq, in şa Allah, bu müharibə torpaqlarımızın azad edilməsi uğrunda yox, əksinə, torpaqlarımızın icarəsi və istismarından ibarət olacaq. Bu nə müharibədir belə, soruşacaqsınız. Cavabı Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində yeni yaranan Film Komissiyasının fəaliyyətində öz əksini tapacaq. Əslində, ideya yeni deyil, yadımdadır, hələ 2017-ci ildə "Azərbaycanfilm" kinostudiyasının o vaxtkı direktoru Müşfiq Hətəmov mənə beynəlxalq film istehsalçılarını Azərbaycana dəvət edərək burada onlara filmlərini çəkməyə imkanlar yaradılmasından danışırdı. Xatırlayıram ki, Müşfiq bu ideya ilə yerli film prodüserlərindən tutmuş, Nazirlər Kabineti və hətta parlamentə təkliflər paketi yollamışdı. Bu barədə Türkiyə, İran və Rusiya həmkarları ilə fikirlərini paylaşırdı. Düşünürəm, mənimlə bu barədə söhbətləri dünyadan küsmüş və "Universal"ın introsundan bizə tanış olan kosmik trans vəziyyətində olurdu: “Qardaş, Azərbaycanda 9 iqlim zonası var, burada eyni zamanda yay və qış səhnələri çəkmək olar, bizim tarixi abidələrimiz – xristian, müsəlman, yəhudi məbədləri, bakirə və rəngarəng təbiətimiz, qədim, aran və dağlıq kəndlərimiz - hazır kino lokasiyalarıdır! Bunları istifadə etmək lazımdır, sərfəli qiymətə xarici TV və kino kompaniyalarına icarəyə vermək lazımdır. Bu vasitə ilə həm Azərbaycan dünyaya açılar, həm də yerli studiyalar, kino əhlimiz və dövlət büdcəsi qazanar. Qardaş, bizim torpaqlar ölkəmizə milyonlarla gəlir gətirəcək… Qardaş, hər yerdə bunu deyirəm, amma qulaq asan yoxdur – ürəyim partlayacaq, vallah… ” – dedi və dediyindən dönmədi – çox çəkmədi ki, ürək krizi diaqnozu ilə xəstəxanaya düşdü… Şükür Allaha, pionerin yanan ürəyinin alovunu söndürdülər və bir daha alışmaması üçün profilaktik qaydada kinostudiya direktoru vəzifəsindən azad etdilər…
    Lakin onun bu gözəl təşəbbüsü diqqətsiz qalmadı və 2019-cu ildə türkiyəli həmkarlarımız "Filming Turkey" adlı bir dövlət qurumu yaratdılar və yuxarıda yazılan ideyaları məharətlə tətbiq etdilər və bu gün bu sahədə Türkiyə dövlət büdcəsi, kinematoqrafçıları və ümumiyyətlə, çəkiliş məkanlarındakı əhali yaxşı qazanclar əldə edir!
    Azərbaycan Mədəniyyət Nazirliyində musiqi müəllimlərinin 120 AZN maaşına göz dikənlərin dalından "Mirəlimovsayağı" dəyiləndən və bu quruma yeni və fərqli düşüncəli adamlar gələndən sonra “ürəkağrıdan” bu layihə Azərbaycanda da həyat üzü gördü. Məni də bu tədbirə dəvət etmişdilər. Maraqlı idi, Türkiyədən gələn sayın Mədəniyyət bakanı müavini və "Filming Turkiye"nin direktoru bu layihənin avantajları haqda birinci sırada oturan Müşfiq Hətəmov daxil olmaqla, bütün Azərbaycan kino əhlinə "dərs verirdilər". Ürəyin ətdən olması məhz bu məqamlarda özünü müsbət tərəfdən göstərir, yəni miakard əzələlərini nümayiş etdirərək yüksək təzyiqlərə tab gətirir.
    Yuxarıda sadaladığım ürəkaçan şad xəbərdən biri də o oldu ki, "Filming Azərbaycan"ın direktoru da ANS havasını udmuş İlkin Məhəmmədli seçilib. Daxilən “Rolling Stones” olan bu gənc fəaliyyətinin ilk günlərindən Qarabağa, işğaldan azad olunmuş torpaqlarımızı ziyarətdən başladı. Azərbaycan Mədəniyyət nazirinin əcnəbi filmlərin istehsalı üçün respublikamızın əlverişli imkanları barədə çıxışından sonra İlkin toplaşmış xarici ölkələrdən dəvət olunan qonaqlar, nazirlər, yerli kino və teatr ustaları - Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Azər Paşa Nemətov, Ayaz Salayev və yerli kino istehsalat studiyalarının rəhbərlərinə biri-birinin ardınca Azərbaycanın gözəl təbiəti və çəkiliş üçün əlverişli, füsunkar təbiət məkanlarını bir film şəklində nümayiş etdirdi. Kino Komissiyasının direktorunun çıxışının, məncə, ən maraqlı hissəsi komandası ilə birlikdə yaratdıqları www.filming.az saytı oldu. Bu sayt vasitəsi ilə nəinki xarici, eyni zamanda, yerli film istehsalçıları da çəkiliş üçün yararlı məkanlar və tərəfdaşlar tapa bilərlər. Saytı bir balaca ələk-vələk etdikdə gördüm ki, sayt hələ tam hazır deyil. Bir sıra seçilmiş gözəl şəkillər ağır yüklənir (onların çəkisini azaltsalar, düşünürəm, sayt daha sürətli olar), bəzi linklər hələ açılmır. İstifadəçilər çaşmasın deyə, saytın Rus və ya Azərbaycan dilini seçəndə bütün yazılar yenə də ingilis dilində canlanır. Yəqin bununla sayt sahibləri prioritetdə İngilis dilli sərmayədarlara üstünlük verdiklərini hiss etdiriblər və bu onlarda pis alınmayıb. Yəni, “Azerbaijan and Russian Filmmakers – go home”! Amma zarafat bir qırağa, mən anlayıram ki, bu başlanğıcdır və əslində, türkün sözü, əllərinizə sağlıq, əla saytdır və getdikcə özü-özünü formalaşdıracaq, in şa Allah.
    Ümumiyyətlə, deməliyəm ki, bu çox lazımlı və faydalı bir layihədir. Lakin burada yalnız Mədəniyyət Nazirliyi yox, düşünürəm, Azərbaycanın siyasi dairələri də prosesə ciddi surətdə qatılmalıdır ki, bu layihə işlək və faydalı olsun. Bildiyimiz kimi, film istehsalına milyonlarla maliyyə buraxan ölkələrdən ən əsası Amerika Birləşmiş Ştatlarıdır. Toplantıda adı dəfələrlə çəkilən tək üzüyümüzün qaşı olan "Netflix" yox, eləcə də “Viacom CBS”, “Warner Media”, “Walt Disney”, “Sony Pictures”, “NBC Universal” və digər kinostudiyalar çəkiliş üçün məkan seçəndə hər şeydən əvvəl ABŞ hökumətinin səyahət üçün əlverişli olan ölkələr https://travel.state.gov/ sayta mütləq şəkildə müraciət edirlər. Çox təəssüf ki, bu saytda Azərbaycan 4 səviyyəli cədvəldə 3-cü yeri tutur, yəni ölkəmiz ABŞ vətəndaşları üçün o qədər də məsləhət bilinməyən ölkələr sırasındadır (https://travel.state.gov/.../Internationa.../Azerbaijan.html). Xatırlatmalıyam ki, 4-cü səviyyəni tutan ölkələrə səyahətlər ABŞ hökuməti tərəfindən ümumiyyətlə qadağan olunur. Sözsüz ki, bu cədvəli yalnız amerikalılar yox, bütün Avropa və dünya ölkələrinin xarici işlər nazirlikləri də əsas götürür. Təəssüf ki, türkiyəli qonaqlarımız çıxışları zamanı ölkələrinin həmin 4 səviyyəli cədvəldə bir müddət əvvəl bizim kimi 3-cü yeri tutmalarını və yalnız 2019-cu ildə bu ölkəyə təxminən 50 milyon xarici qonaq axınının gəldiyini və cümhuriyyət politikaçılarının zəhməti nəticəsində ABŞ Dövlət Departamentinin Türkiyəni 2-ci səviyyəyə qaldırılması haqda demədilər. Bu çox vacib bir məqamdır və müasir dünyada sərmayə axınını Azərbaycana istiqamətləndirmək üçün 9 iqlim qurşağı əsas deyil, ABŞ-ın 4 səviyyəli səyahət xəbərdarlığı cədvəlində ən azı 2-ci səviyyəyə qalxmaq vacibdir. Ümidvaram ki, bu proses haqda toplantıda danışılmasa da, bu sahədə ölkəmizin diplomatları ciddi işlər görür.
    Onu unutmaq lazım deyil ki, adı çəkilən dünya çaplı kinostudiyaların məkan seçmə müharibəsində Türkiyə bizim üçün əziz də olsa, rəqibimizdir. Məsələn, təsəvvür edək ki, Şotlandiya dağları bir anda yastılaşıb və gözünə döndüyüm “Netflix” “Cəsur ürək-2” filmini dağlıq ərazilərdə çəkmək istəyir, seçimi də Antaliya və ya Şuşa dağları arasında qalıb və bu çəkilişlərə 50-70 milyon ABŞ dollar büdcəsi var… Yox, bu çox pis misaldır! Allah şeytana lənət eləsin!
    Digər tərəfdən, Kino Komissiyamızın gənc rəhbərinin çıxışı zamanı bu günə qədər Azərbaycanda çəkilən xarici filmlər haqda və məhz "Netflix"də 2021-ci ildə yayımlanan və Bakıda çəkilən İndoneziyanın "Layla Majnun" filmi haqda danışılmadı. Bu boşluğu az da olsa doldurmaq üçün yazıma kiçik bir video əlavə edirəm. Axı məhz bu gün “mənfi tövsiyələrə” baxmayaraq Azərbaycanda çəkiliş edənlər var, hətta onların filmlərini adıqalmış “Netflix” zati-aliləri də nümayiş etdirir və düşünürəm ki, məhz onların simasında digər beynəlxalq kinokompaniyalara müsbət ismarışlar yollamaq olar.
    Lakin mənim üçün ən anlaşılmayan məsələ bizim yerli kino əhlinin Azərbaycan kionosu üçün bu taleyüklü toplantıda ənənəvi ağız büzmə və yas saxlama tendensiyaları diqqətimi cəlb etməyə bilməzdi. Yerli kino və kino arası və ya kino yanı (kimin hansı terminologiya xoşuna gəlirsə, seçə bilər) adamlarının kökünü müəyyənləşdirə bilmədiyim səbəblərdən tədbiri və ümumiyyətlə, ideyanı lağa qoymaqları məni əvvəlcə təəccübləndirdi… Sonra isə söhbətlərə Bobçinski, Dobçinski və Plyuşkin cənabları qatılanda anladım ki, küləyi yaradan əskinaslardır, rəngbərəng əskinaslar. “Ondansa mənə pul verərdilər” qədim Azərbaycan etnosunun "pərdəsi açılanda" mən artıq qonaqlarla vidalaşaraq məclisi tərk etdim. Yolda Azərbaycan kinematoqrafiyasını dirçəltmək səviyyəsində olan bu vacib tədbirə narazılıqla yanaşan və paxıllıqdan kinonun adi dialoq "vosmerka"sı qanununu unudaraq soldan-sağa danışanlar haqda düşünürdüm… Cənablar, axı belə olan halda, ən azı, dialoq təsviri yaratmaq üçün Siz soldan-sağa döşəyəndə, kimsə sağdan-sola danışmalıdır ki, Kino alınsın!!! Axı niyə bu insanlar arasında lazımi birlik qurulmur ki, qurulmur, niyə Azərbaycanımıza xarici kinematoqrafın axınına belə yad münasibət bəsləyirlər?.. Bəlkə xarici və beynəlxalq səviyyədə olan kinematoqrafiya kitabı Azərbaycanda açılsa, bizim yeni peyda olmuş, əldəqayırma və bayağı "kino bağının xuliqanlarının" kitabı bağlanacaq?!
    Amma düşünürəm ki, Şuşanı əlbəyaxa döyüşlə alan cəngavərlərimiz bu gün kino sahəsində də var və Mədəniyyət Nazirliyimiz dron təki yuxarıdan yerli kino əhlinə dəstək olsa, Azərbaycan bu savaşdan da qalib çıxar və hər bir Azərbaycanlı Şəkidəki “Cələbi xan” restoranında səhər qəhvəaltısını cəsur Mel Gibson və ya canı yanmış Şarliz Teronla bölüşə bilər.
    P.S. 2018-ci ildə Quba dağlarında Hindistan kinematoqrafçılarının çəkdiyi "Həyat-Teatrdır" filminin (əlavə olunan videoçarxda 3-cü parça) kütləvi səhnələrində 100-dən çox azərbaycanlı balası iştirak edib. "Bakıfılm" kinostudiyasınında portfoliosundan bir neçə adam seçilmişdi və bu səbəbdən bizim büdcədən bir balaca xəbərimiz var. Belə ki, 12 çəkiliş gününə görə (günü 100 ABŞ Dolları) adambaşına 1200 ABŞ Dolları və ya 2040 AZN ödənilmişdi. Bu məbləği 100 nəfərə vuranda, 120 min ABŞ Dolları və ya 204 min AZN edir ki, bu da Azərbaycanda olan minimum əmək haqqı hesabı ilə 1020 adamın aylıq əmək haqqıdır. Hələ mən bizim vətəndaşlarımızın çəkiliş zamanı keçdiyi müasir təlimlərdən danışmıram... Məncə həm dövlətimizə həm də vətəndaşımıza xeyirdir ???? Sükanı belə saxla! Gəlin Azərbaycanın Kino Stansiyasına Lumyer qardaşlarının yenidən gələn qatarına "Xoş Gəlmisən" deyək!