Sülhməramlılar
Azad edilən torpaqlar sülhməramlıların yerləşdirildiyi ərazidən atəşə tutulur
Azərbaycanın işğaldan azad edilən Şuşa şəhəri, Kəlbəcər və Naxçıvan bir neçə gündür ard-arda atəşə tutulur. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılır (?!). Azərbaycan Ordusu qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açır. Naxçıvan istiqamətində hər iki tərəfdən yaralanan və ölənlər var. Məlumatın ən “maraqlı” hissəsi ondan ibarətdir ki, atəş, erməni silahlıları tərəfindən, Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidən açılır. Təbii ki, Rusiya sülhməramlı kontingenti bunu təkzib edərək bildirir ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Bu hadisə müharibə ilə ilk dəfə rastlaşan yenilər üçün bəlkə də gözlənilməzdir, mənim üçün isə... Birinci Qarabağ müharibəsinin veteranı kimi, mən bütün bu hadisələri yaşamışam və diqqətinizə kiçik bir tarixi arayış, paralellər, bənzərlər və proqnozlar təqdim etmək istəyirəm: İlk dəfə Azərbaycana Rusiyadan sülhməramlılar hələ 33 il əvvəl, 1988-ci ilin fevralında gəlmişdilər. Bu SSRİ Daxili İşlər Nazirliyinin 2 min əsgərdən (bənzərlər – müəllif) ibarət 28-ci xüsusi motoatıcı batalyonu idi və onlar, əsasən, Şuşa və Ağdamda yerləşmişdilər. Bir neçə ilə bu kontingentin sayı 5 dəfə artırılaraq, 10 min əsgərə çatmışdı (proqnozlar – müəllif). Rəsmi statistikaya görə Rusiya və SSRİ qoşunları Dağlıq Qarabağ münaqişəsi zamanı 51 nəfər ölü və 391 nəfər yaralı olaraq itki vermişdi. O zamanlar SSRİ Daxili işlər Nazirliyinin Zaqafqaziya üzrə idarə rəisi və Dağlıq Qarabağdakı sülhməramlı qoşunlara nəzarət edən general-mayor Anatoli Kulikov yazırdı ki, "Hər şeyə görə gözlədiyimiz minnətdarlıq əvəzinə, rus əsgərləri olaraq açıq nifrət, qərəzlilik ittihamları ilə üzləşdik, arxadan atəş və zərbələr aldıq". Tam korrupsiyaya qurşanmış və daim əlavə qazanc əldə etmək məqsədi ilə araqızışdırıcı mövqedə duraraq erməni tərəfini açıq dəstəkləyən Rusiya sülhməramlılarının son hərbi bölməsi Azərbaycan tərəfinin təkidi ilə Dağlıq Qarabağı 26 dekabr 1991-ci ildə tərk etsə də, ermənilər tərəfindən nəzarətdə olan Xankəndi şəhərində yerləşən 366-cı mühafizə motoatıcı alayı və 622-ci ayrı kimyəvi müdafiə batalyonu və onlara aid bütün silah-sursat yerində qaldı. O cümlədən, Rusiya hərbi hissələrinə məxsus 96 ədəd ağır texnikanı ermənilərə verməklə onları ciddi şəkildə gücləndirdilər. Ermənilər tərəfində qalan bu rus hərbi hissələri ilə işğalçılar, Xocalı başda olmaqla, Azərbaycanın bir sıra yaşayış məntəqələrində etnik təmizləmə apararaq onları ələ keçirdilər. Qeyd etdiyim kimi, tam şəkildə korrupsiyaya qurşanmış və demorolizə olmuş sülhməramlıların (videoya bax – müəllif) əsas işi yerli əhalidən hər bir məqsədlə pul yığmaq, məsələn, vertalyotla bir məntəqədən digərinə uçmaq üçün, onları ermənilərdən qorumaq üçün və s. idi. Yerli əhali pul verməyəndə ermənilərlə əlbir olub kəndlərə atəş hücumları təşkil edir və beləliklə, “cəzalandırdıqları” azərbaycanlılardan pul alandan sonra bir müddətlik yenidən sülhü bərqərar edirdilər. Lakin arada biz də onların imkanlarından faydalanırdıq. Müəyyən məbləğə onlar bizə erməni kəndlərinin üzərindən uçaraq ordakı vəziyyəti çəkməyə imkan verir və ya bizi ermənilərin yaşadığı kəndlərə gətirib mühafizə edər, erməni sakinlərdən müsahibə almağa imkan yaradırdılar. Başqa bir biznes - silah alveri idi... Sözsüz ki, bunu açıq-aşkar edə bilmirdilər. Yenə də erməni quldurları ilə sövdələşərək, rus əsgərlərini güya əsir tutan ermənilərə əvəzində silah-sursat və texnika verirdilər. Elə mənim müsahibim, Ağdərənin Umudlu kəndİndə yerləşən sülhməramlıların komandiri Seryoqa da bu əməliyyatlardan biri haqda mənə danışır.Mən düşünürəm ki, bu gün də, 1990-cı ildə olduğu kimi jurnalistlər Azərbaycan ərazisində yerləşən sülhməramlılarla daim təmasda olmalıdır, onlar axı bizim qonağlarımızdır, qonağı tək qoymazlar :-). O vaxtlar, yəni 90-cı illərdə, sülhməramlılar daim ANS-TV kameraları tuşunda idi. Obyektiv reportajlarımızı aqressiv qəbul etsələr də, Azərbaycan tərəfini müdafiə etməyə məcbur olurdular. Dünyanın hər yerində - Əfqanıstanda, Abxaziyada, Qarabağda, rastlaşdığım sülhməramlıların hər zaman öz oyunları var idi və ciddi ictimai nəzarət olmayanda münaqişə tərəfləri artıq onların oyunlarında “peşkalara” çevrilirdilər. Videoreportajımda bütün dediklərim əks olunub. Baxın! Mütləq paylaşın ki, dostlarınız da məlumatlı olsun!