Azərbaycana qarşı casusluq edən 7 nəfər saxlanılıb
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib
2022-ci il ərzində 550 halda 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib və sərhədçilərimizin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib. Qeyd edilib ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb:
“- terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfər müəyyən edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib;
- 2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kq narkotik xassəli bitki məhv edilib;
- dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb;
- sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanmış, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib.