Azərbaycana qaytarılan 4 kənddə minalar aşkar edilib
Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov xəbər verib
İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu aydınlaşdı.
Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, ən böyük monitorinqlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb: "Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təəssüf ki, mina partlayışları baş verib".
Hafiz Səfixanov onu da bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bu il avqustun 15-dək baş verən 224 hadisənin 149-u, yəni 66 faizi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə qeydə alınıb. Nəticədə 46 nəfər həlak olub, 214 nəfər yaralanıb.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin apardığı monitorinqlərin nəticələrinə görə, işğaldan azad edilmiş ərazilərdə 232 növ mina, kasetli sursat və digər partlamamış hərbi sursatlara rast gəlinib.
Mina tələləri daha çox Xankəndi şəhərində qeydə alınır.
"Azərbaycan Respublikasının Rusiya, Gürcüstan və Türkiyə ilə sərhəddinin Azərbaycan hissəsində mina və partlamamış hərbi sursat problemi yoxdur. Yerli insanlar, ev və vəhşi heyvanlar arasında minaya düşmə faktı qeydə alınmayıb", - deyə ictimai birliyin sədri bildirib.