XƏBƏRLƏR / Qayıdış

Xankəndidə su-kanalizasiya kollektorları yenidən qurulacaq

Bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin Qarabağ Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşfiq Adıgözəlov bildirib

Xankəndidə su-kanalizasiya kollektorları yenidən qurulacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xankəndi şəhərindəki su və kanalizasiya kollektorlarının yenidən qurulması nəzərdə tutulur.

    Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətinin Qarabağ Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Müşfiq Adıgözəlov bildirib.

    Onun sözlərinə görə, layihə üzrə hazırlıq işləri davam edir: "Su və kanalizasiya kollektorları hazırda layihələndirmə mərhələsindədir və yenidən qurulacaq".

    Meliorasiya rəsmisi əlavə edib ki, Xankəndi şəhərində fəaliyyət göstərən 1 nömrəli su təmizləyici qurğular kompleksi gün ərzində 8 min kubmetr suyun təmizlənməsi gücünə malikdir: "İlkin xlorlamadan sonra su durulducu filtrlərə daxil olur, daha sonra qum filtrlərindən keçərək yenidən xlorlanır və 2 min kubmetrlik su anbarlarına ötürülür. Buradan isə su istehlakçılara nəql edilir. Xankəndidə 104 kilometr uzunluğunda su şəbəkəsi istismar olunur və şəhər 10 hidravlik zonaya bölünüb. Şəhər 1 və 2 nömrəli su təmizləyici qurğular vasitəsilə fasiləsiz, 24 saat su ilə təmin edilir".