Azərbaycana xəyanət edən Mirhafiz Cəfərzadəyə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Bakı Ağır Cinayətlər Məhkəməsində xarici kəşfiyyat xidmətlərinə casusluqda təqsirləndirilən Mirhafiz Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mirhafiz Cəfərzadə dövlətə xəyanətdə təqsirli bilinib.
"haqqin.az"ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, irəli sürülən ittihamlar kifayət qədər sübutlar, ifadələr və digər faktlarla təsdiqlənib.
Hökmə əsasən, Mirhafiz Cəfərzadə dövlətə xəyanətdə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından belə məlum olur ki, Mirhafiz Cəfərzadənin qanunsuz əməlləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı aşkarlanıb. Müəyyən edilib ki, Mirhafiz Cəfərzadə Azərbaycanın dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə qarşı yönəlmiş tapşırıqları yerinə yetirərək xarici xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq edib. O, “Telegram” messencerində hərbi obyektlərin yeri və digər məlumatları ötürüb. Törətdiyi əməllərə görə Mirhafiz Cəfərzadə istintaqa cəlb edilərək Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.