Evimizdən iki bina aralı məsafədə, dərin zirzəmidə "Leon" kafesi var.
Killerlərin görüş yeridir deməyə vallah adamın ağzı, ağlı gəlməsə də...kim bilir, necə deyərlər. İndiki dövrdən hər cür sürprizlər gözləmək olar.
Bir axşam payızdan endim bu kafeyə. Adını tərsinə oxudum bilmirəm niyə. Anında eyniadlı film də gözlərimdə deşifrələndi.
Leon kəlməsi döndü Noelə, yəni katolik dünyanın Şaxta babasına. Killer qız isə öz növbəsində Qar Qızı əvəzlədi.
Təbiidir. İndi biz bütün narrativlərin tərsini, kirli astarını yaşayırıq. Yeni il bayramı da killerlərin antissenarisinə çevrilib.
Dirilik müjdəli Noel baba əks cəbhədəki Leon adlı ölüm mələyinə, kinokillerə məğlub olub.
Sonralar bu qız killer fransızların "Nikita" filmində cəmiyyətdən yeni pasport, yeni sifarişlər aldı.
Bu qız killerlər, Nikitalar bizə Nizami dövründən tanışdır.
Bizdə, Nizamidə "Fitnə"dir belələrinin adı.