BLOQ / Yaddaş

Bu gün aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür

Unudulmaz sənətkarın anadan olmasından 75 il ötür

Bu gün aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi. Aktyorun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

    Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə 11 yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnəyə çıxan unudulmaz aktyorumuz, televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib.

    Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

    Yaşar Nuri sevilərək izlənilən televiziya tamaşalarında da unudulmaz obrazlar qalereyası yaradıb. Məhz bu tamaşalar sayəsində o, milyonların yaddaşında “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov” kimi parlaq rollarla həkk olunub.

    Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sənətkar “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı” və s. filmlərdə rol alıb. O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

    Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları bu gün də sevə-sevə izləyirik. O, Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib.

    Özünəməxsus səhnə mədəniyyəti, yüksək improvizə qabiliyyəti, fərdi ifa tərzi və obrazlara özünəxas yanaşması onu həmkarlarından həmişə fərqləndirib. Yaşar Nurinin film və tamaşalarda səsləndirdiyi “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun?”, “Ay moment” kimi ifadələr bu gün də dilimizdə tez-tez işlədilir və hər dəfə “Yaşar Nuri demişkən...” söylənilərək böyük sənətkarımız ehtiramla yad edilir. Bütün bunlar xalqın öz unudulmaz aktyoruna olan sonsuz sevgisinin və rəğbətinin təzahürüdür.

    Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.