Azərbaycanda illik inflyasiya bəlli oldu
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib
Ötən il istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz olub. 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.
2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib. 2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 119 faiz olub.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə edilib. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma mebellərin, xalçaların, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, kondisionerlərin və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.