Azərbaycanda kino strategiyası hazırlanır
Bu barədə mədəniyyət naziri Adil Kərimli məlumat verib
Azərbaycan kinosu üçün 2020-2040-cı illəri əhatə edən strategiya hazırlanır. Bu barədə mədəniyyət naziri Adil Kərimli məlumat verib.
Bakıda keçirilən Kino forumunda çıxış edən nazir deyib ki, tədbirdə müzakirələr əsnasında problemlərin həlli yollarının müəyyən ediləcəyinə ümid edir.
"Ümid edirik ki, forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək", - deyə nazir qeyd edib.
Adil Kərimlinin sözlərinə görə, kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub və Kino Agentliyinin yaradılması üçün nazirlik aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görüb.
Qeyd edək ki, aprelin 20-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu işə başlayıb.
Forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xaric ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.