Azərbaycanda prezident seçkilərinin vaxtı təsdiqləndi
Sənədlərin qəbulu yanvarın 8-dək davam edəcək
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkilərini təyin edib.
Bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının baş katibi Arifə Muxtarova bildirib ki, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən namizədlər dekabrın 10-dan başlayaraq lazımi sənədləri təqdim etməlidir.
O qeyd edib ki, sənədlərin qəbulu yanvarın 8-dək davam edəcək. Arifə Muxtarovanın sözlərinə görə, təbliğat-təşviqat işləri 6 fevral 18:00-a kimi davam edəcək. Müşahidəçi kimi iştirak etmək üçün vətəndaşlar yanvarın 28-nə kimi MSK-ya müraciət etməlidir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.