Azərbaycanda üç xüsusi təyinatlı hərbi kollec yaradılır
Prezident bununla bağlı Fərman imzalayıb
Prezident İlham Əliyev gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.
2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə təsis edilməlidir.
2024–2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilməlidir:
ali təhsil müəssisəsi üzrə:
150 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
200 manat məbləğində hesabda yığılan ödəniş;
hərbi kolleclər üzrə:
100 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
150 manat məbləğində hesabda yığılan ödəniş;
hərbi liseylər üzrə:
50 manat məbləğində təqaüd;
100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
100 manat məbləğində hesabda yığılan ödəniş.
2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməlidir.
Müəyyən edilib ki:
bu Fərmanın 3.1.3-cü, 3.2.3-cü və 3.3.3-cü yarımbəndlərində göstərilən ödənişlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan kursantların hər biri üçün açılmış hesabda yığılır;
bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq hesabda yığılan vəsait və həmin vəsaitin idarə olunmasından əldə edilən gəlir aşağıdakı hallarda ödənilir:
ali təhsil müəssisəsini və hərbi kollecləri bitirmiş məzunlara – Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda;
hərbi liseyləri bitirmiş məzunlara – ali təhsil müəssisəsinə qəbul olduqda;
bu Fərmanın 2-ci və 3-cü hissələrində nəzərdə tutulan ödəmələr (bundan sonra – ödəmələr) dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir;
bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan şəxslər güzəştli ipoteka kreditindən istifadə etdikdə onlara “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının müddəaları şamil olunmur.
Hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılıb.
Nazirlər Kabineti üç ay müddətində:
“Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;
bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq güzəştli ipoteka krediti üzrə yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsinin maliyyələşdirilməsi, habelə güzəştli ipoteka kreditinin bir hissəsinin ödənilməsinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Müdafiə Nazirliyinə:
bu Fərmanın 2–4-cü hissələrində nəzərdə tutulan ödəmələrin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaitə dair təkliflərini müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;
bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyinə bu Fərmanın 6-cı hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.