17:40
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri İstanbul Bəyannaməsini imzalayıblar
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü İstanbulda keçirilib və nəticədə birgə bəyannamə imzalanıb.
Sənədi Türkiyə xarici işlər naziri Hakan Fidan, Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.

Bəyannamədə tərəflər suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına qarşılıqlı dəstəyini bir daha təsdiqləyiblər və nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi boru kəmərlərinin Avropanın enerji təhlükəsizliyindəki roluna, eləcə də Orta Dəhlizin və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Tərəflər Cənubi Qafqazın tam potensialını açmaq üçün regional sülhün, təhlükəsizliyin və sabitliyin gücləndirilməsinin vacibliyini qeyd ediblər və bu prosesdə üç ölkənin müsbət rolunu vurğulayıblar.
***
16:50
İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata açıqlama olub. 
Regionumuzun münaqişələrlə deyil, inkişaf layihələri ilə, parçalanma ilə deyil, ortaq rifah təşəbbüsləri ilə tanınması ən böyük arzumuzdur. Bu baxışın ən ümidverici təzahürünü bu gün Azərbaycan ilə Ermənistan arasında gedən sülh prosesində görürük. Tərəflərin nümayiş etdirdiyi iradə regionumuz üçün real imkan pəncərəsi açıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını da arzulayırıq. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya şəraitində davam edir. Son dörd il ərzində bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub”, - deyə nazir bildirib.
O, qeyd edib ki, bütün regionun ortaq maraqlarına xidmət edən bu müsbət dövrü inkişaf etdirmək üçün fəaliyyətlər qətiyyətlə davam etdirilir.
***
Azərbaycan, Türkiyə, Gürcüstan XİN başçıları üç ölkə arasında yeni layihələri müzakirə edib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, üç ölkə arasında hazırda həyata keçirilən layihələrin cari vəziyyəti müzakirə olunub:
"Hazırkı dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi apardıq. Ortaq çağırışlar nəzərə alındı".
Nazir qeyd edib ki, beynəlxalq və region səviyyədə olan münaqişələr, artan gərginlik fonunda bölgəmizin neqativ tendensiyalardan kənar qalması real deyil.
Onun sözlərinə görə, bunun nəticələri görünür:
"Ona görə də üç ölkənin bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır".
Nazir bəyan edib ki, Azərbaycan Türkiyə və Gürcüstanla strateji tərəfdaşlığı daha dərinləşdirmək əzmindədir.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Türkiyə arasında institusional format mövcuddur:
"Bu müxtəlif sahələri əhatə edir. Bugünkü görüş, müzakirələr və İstanbul bəyannaməsi xalqlarımızın sülhünə, təhlükəsizliyinə, rifahı naminə birgə səylərin daha da gücləndirilməsinə xidmət edəcək".

***
Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı və möhkəm əməkdaşlığı mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanır. Bu iki ölkə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasındadır. Əməkdaşlığımız siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, texnologiya və digər sahələri əhatə edir.
Bu barədə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili İdeyib.
“Azərbaycan və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı alqışlayırıq və hesab edirik ki, bu proses regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi istiqamətində səylərini davam etdirməyə hazırdır. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları da dəstəkləyirik”, - deyə Maka Boçorişvili bildirib.
***
15:26
İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edir.



Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilən görüş İstanbulun Çırağan Sarayında baş tutub.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
6 dəqiqə