BLOQ

Azərbaycanı gələcəyə aparan Portal (Fantastik filmdəki kimi)

Azad edilmiş ərazilərə səyahət

Azərbaycanı gələcəyə aparan Portal (Fantastik filmdəki kimi)
  • Oxuma müddəti:

    12 dəqiqə

  • PORTAL

    Azad edilmiş ərazilərdə hal-hazırda ən populyar və tez-tez işlənən söz – “portal”dır.

    Əhalinin əksəriyyətinin aləmində bu Portal – hamının adını eşitdiyi, lakin heç kimin əyani görmədiyi, sehrli və pünhan Müdriklər Divanı kimi bir şeydir. Məhz onlar hamının burnunun ucunun göynədiyi, amma qapalı olan ərazilərə keçmək üçün kilid açarı rolunu oynayırlar. İstəsələr buraxacaqlar, istəməsələr – yox...

    Əslində isə “Portal” - azad edilmiş torpaqlarda mülki əhalinin hərərəkətini qeydiyyata alan və tənzimləyən, gediş-gəlişə icazə verən dövlət təsisatıdır. Xatırlayırsınız, pandemiya dövründə evdən çıxmaq üçün “icaze.e-gov.az” saytından SMS icazəsi alırdıq? Bax, həmin “əfsanəvi” Portal elə budur.

    Azərbaycan dövləti həm qəliz, həm də çox asan bir sistem qurub. Azad edilmiş ərazilərə getmək üçün dövlətin icazəsi lazımdır. Bu insanların şəxsi təhlükəsizliyi ilə yanaşı, yeni idarəçilik zonasında nizam-intizamı təmin edən vahid SİSTEMdir.

    Bəs niyə görə “qəliz”?

    Ərazilər rayonlar və ora aparan yollar üzrə bölünür. Yəni – Şuşaya gedirsənsə, Portalda getdiyin yol göstərilməlidir. Əgər marşrutunuzda “Zəfər yolu” göstərilibsə, məsələn, dədə-baba yolu olan Ağdam-Əsgəran-Xankəndi ilə gedə bilməzsiniz. Yolunuz Laçınadırsa, məcburi Xudafərin-Qubadlı-Laçın trası ilə hərəkət etməlisiniz. Şuşadan gəlsəniz, Laçına buraxılmayacaqsınız. Bundan başqa, ərazilərə köçən əhali də sərbəst hərəkət edə bilmir, yəni şuşalılar Laçına və ya Xankəndiyə sərbəst gedə bilməz və əksinə. Portal! Hər rayona ayrıca icazə lazımdır. Bu əhalini bir az narahat etsə də, hamı bu müvəqqəti qadağalara anlaşıqlıqla yanaşır – azad edilmiş torpaqlarda dərəbəylik qətiyyən yol verilməzdir.

     

    POLİS

    Ərazilərdə mülkilərə nəzarət və nizam-intizama riayət funksiyasını Daxili İşlər Nazirliyinin polis əməkdaşları həyata keçirir (Hərbçilərə Müdafiə Nazirliyinin Hərbi polisi nəzarət edir.) Hər postda sizi qamətli və nəzakətli polis işçiləri qarşılayır. Onlar hər bir ziyarətçiyə diqqətlə, hörmətlə və səbrlə yanaşırlar. Sənədlərinizi əllərindəki planşetə yaxınlaşdırıb, sizin barədə bütün məlumatları əldə edirlər və Portaldan keçmisinizsə, cəmi 1 dəqiqə vaxtınızı alıb, sizə “Yaxşı yol!” arzulayıb buraxırlar. Elə bil, adət etdiyimiz kobudluq, yekəxanalıq və ələbaxımlılıq sankı işğalda olmayan Azərbaycanda qalır.

    “Bağışlayın! Əziyyət deyilsə, maşını bir az kənara çəkin ki, yük maşını keçə bilsin”, - bunu Ağdama daxil olanda birinci postun polisi deyir. Nəzakətli müraciəti eşitdikdə, “Baş üstə!” deyib maşını kənara çəkirik. Bakıda bəzən hiss etdiyimiz polis-vətəndaş “qarşıdurması” burada tamamilə “buxarlanıb” yoxa çıxır. Vətəndaş polisin simasında müdafiəçisini və köməkçisini görür. Polis isə çalışır ki, daha nə iləsə vətəndaşa kömək edib onun təhlükəsizliyini təmin etsin. Azad edilmiş ərazilərə səyahətimiz zamanı əmin olduq ki, birinci Ağdam postunda rastlaşdığımız nəzakətli polislər heç də istisna deyillər, onlar hər yerdə belə davranırdılar. Əlbəttə ki, bu ilk növbədə onlara rəhbərliklərinin verdiyi təlimatlar və tapşırıqlarla izah edilir. Amma digər tərəfdən ərazi müəyyən dərəcədə təhlükəli olduğundan vətəndaşla polis arasında bir vəhdət və etibar yaranır.

    Şuşada maşını saxlayıb Yol Polisinə müraciət edirik: “Bağışlayın, Laçın yoluna buradan gedirik?” Polis əməkdaşı öz maşınına minərək deyir: “Sürün arxamca” (Heç“Portal”ı da soruşmur, çünki bu, postlarda duran polislərin səlahiyyətindədir). Bizi yola çıxarandan sonra zabitə təşəkkür edib ayrılırıq. Vallah, elə bil hansısa Avropa ölkəsindəsən...

    Maşınımızın yük hissəsini səfər boyu cəmi iki dəfə yoxladılar: bir Şuşaya daxil olanda, bir də səfərimizi bitirib Ağdamdan Bərdəyə yola düşəndə. Hər iki halda da tərbiyə, nəzakət və mehribanlıqla.

    Azad edilmiş ərazilər yeni münasibətlər və yeni davranış vərdişləri üçün bir poliqon rolunu oynaya bilər ki, sonra bu müsbət təcrübə bütün Azərbaycana yayılsın.

     

    AB-HAVA

    İşğaldan azad olan ərazilərin bir özəlliyi və xüsusiyyəti də var.

    Şuşaya köçmüş bir tanışımız, söhbət buradakı mehribançılıq və səmimiyyətdən düşəndə belə bir misal gətirdi: “Qaçqınlıq vaxtı Bakıda aram olmayan keçmiş qonşumla rastlaşanda üzümü o yana tuturdum ki, salamlaşmayım. İndi onu Şuşanın bazarbaşında görəndə hər iki yanağından öpüb-görüşürəm. Yəqin havasındandır:)”.

    Həm Şuşada, həm Laçında tanış olmayan, yad insanların istiqanlılığı və ünsiyyətcilliyinin şahidi olduq. Hamı bir-biri ilə salamlaşır, hər kəsin üzündən təbəssüm əskik olmur. Şuşalı dostumuzun təbirincə desək: “Yəqin havasındandır”, çünki Bakıda bəzən bir binada yaşayan sakinlər səhər liftdə rastlaşanda belə salam vermirlər. Çoxdan məlumdur ki, urbanizasiya insanları bir-birindən uzaqlaşdırır və təcrid edir. Ona görə də bu soyuqluğa hamı adət edib.

    O ərazilərdə isə hər şey fərqlidir. Tanımadığımız bir adam yaxınlaşıb hal-əhval tutduqdan sonra soruşur: “O erməni “futbolist”in villasına baxmaq istəyirsinizsə, göstərim.” Ya da ki, Laçında – yolda rastlaşdığımız bizim kimi bir “turist” Zabux kəndinə mütləq getməyimizə israr edir. “Siz zabuxlusuz?”- soruşanda, deyir ki, “Yox, canım! Ekskursiyaya gəlmişik. Özümüz Şamaxıdanıq. Zabux, sadəcə, o qədər gözəldir ki, istədik ki, siz də mütləq görəsiniz.”

    Meqapolis sakinləri kimi ilk reaksiyamız “Görəsən nə marağı var?” fikirləşib təmənna axtarırsan. Oradakı ab-havaya alışandan sonra isə ilk şübhə və ehtiyatından utanıb-yerə girirsən.

    Hamının üzündə təbəssüm var və hər kəs bu sevincini ətrafdakılarla bölüşmək istəyir. Fərqi yoxdur yanındakı yaxınındır, yoxsa tanış olmayan birisi (“yad” yazmıram, çünki ətrafdakılar çox tez doğmalaşır).

     

    YERLİ SAKİNLƏR

    Azad edilmiş ərazilərə hal-hazırda 7 mindən çox əhali qayıdıb. Zəngilanda, Laçında artıq 1-2 il yaşayış olsa da, Şuşaya sakinlər təzəcə köçüblər. Yeni köçənlərə baş verənlər hələ yuxu kimi gəlir. Başları gözəl evlərdə məskunlaşmaya və məişətə qarışıb. Xırda sıxıntılara heç kim əhəmiyyət vermir. “Nədən şikayətiniz var?” soruşanda deyirlər ki, “Allah Prezidentin canını sağ eləsin! Hər şey yaxşıdır. Müvəqqəti çətinliklərdir: bazar yoxdur, marketdə qiymətlər Bakıdan bir az bahadır. Əşi, hər şey düzələcək. Əsas odur ki, vətəndəyik”. 32 il qaçqın həyatı sürmüş insanlar üçün çox nikbindirlər.

    Laçınlılar artıq 1 ildir vətəndədirlər və onlara qayıdış artıq yuxu kimi gəlmir. Onlar arzu və istəklərini 1 illik təcrübəyə arxalanaraq bildirirlər. “Heyvan saxlamağa icazə yoxdur,”- yaşlı sakin gileylənir. “Başa düşürəm ki, Laçın o vaxtkı Laçın deyil. Qabaq belə gözəlliyi ancaq televizorda xarici ölkələrdə görürdük və belə mənzərə ilə qoyun, peyin, mal-qara iyi düz gəlməz... Heç olmasa toyuq-cücəyə icazə versinlər”.

    Həkəri çayının qırağındakı “Three House”(???) kafesinin gənc ofisantından “Darıxmırsan burada?” soruşanda cavab verir ki, “Nə danışırsınız? Nə darıxmaq? İşdən başım açılmır ki, Laçının bütün görməli yerlərini gəzəm, görəm.”

    Sakinlərin bəziləri evlərini kirayə verib Bakıya qayıdıblar. Soruşanda deyirlər ki, iş yerləri yoxdur. Amma etiraf etmək lazımdır ki, Laçında yaşayan sakinlər belələri barədə bir az qınaqla danışırlar: “30 il vətən həsrəti çəkən gərək müvəqqəti çətinliklərə dözsün”. Yanındakı sakin deyir ki, “Özəl biznes qurmaq şərtləri asanlaşsaydı, adamlar özləri-özlərini dolandırardılar. Amma icazəsini almaq hələ ki çətindir”.

    Bir də azad hərəkət etmək məsələsini deyirlər. Orta yaşlı xanım “Portal”dan gileylənir: ”Necə olur ki, Bakıdan, Gəncədən insanlar Şuşaya gələ bilir, biz isə buradan-buraya hələ də gedə bilmirik?”.

    Maraqlısı budur ki, hər bir narazılığa sakinlər mütləq “hələ” sözü əlavə edib, gələcəyə ümidlə baxırlar, çətinliklərin müvəqqəti olmasına əmindirlər.

     

    “Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq”

    Prezident İlham Əliyevin Xocalıda dediyi bu sözləri bu hissənin başlığına təsadüfən çıxarmadıq.

    Azad edilmiş ərazilərdə görülən işlərin ilk baxışdan sadəcə bərpa və abadlıq məqsədilə görüldüyü təsiri bağışlaya bilər. Amma əslində bunun ikinci dərəcəli məsələ olduğu Qarabağda açıq-aşkar görünür. Bu hava limanları, yollar, tunellər və s. ilk növbədə ərazinin təhlükəsizliyi və əsaslı müdafiəsi üçün həyata keçirilir.

    Sovet İttifaqı buralarda işi elə qurmuşdu ki, respublikalar bir-birindən asılı vəziyyətə düşsün və işdir-şayət, müstəqillik xulyası ağlına gəlsə, logistika və təminat nöqteyi-nəzərindən çıxılmaz vəziyyətə düşsün.

    Məsələn, Şuşaya Sovet vaxtı getmək üçün gərək ermənilərin yaşadığı Əsgəran və Xankəndidən keçəydin. Dolayı yol olan Füzuli-Zəngilan-Qubadlı-Laçın yolu ilə Şuşaya o vaxtlar ancaq səyahət “xəstə”ləri və ya yolunu azmış xam sürücülər gedə bilərdi. Ağdamdan Şuşaya 34 km idisə, dolayı yol 10 dəfə uzun idi və bu yolu biz ancaq 1-ci Qarabağ müharibəsi vaxtı, ermənilər Əsgəran yolunu bağlayandan sonra məcbur olub getmişik. Yəni, cəmi 1 yolun bağlanması ilə ölkə ərazilərinin bir-biri ilə əlaqəsi kəsilirdi.

    İndi isə Şuşaya 6 (!) yolla getmək olacaq:

    1. Dədə-baba yolu olan Ağdam-Əsgəran
    2. Zəfər Yolu”
    3. Əhmədbəyli-Füzuli-Şuşa
    4. Qubadlı-Şuşa
    5. Qubadlı-Həkəri postu-Şuşa (yeni yol)
    6. Qubadlı-Laçın-Şuşa (köhnə yol)

    Hansı yol kəsilsə, onun istənilən istiqamətdə alternativi var.

    Bu misal Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin məqsədinin əyani sübutudur, cünki Prezident dediyi kimi:

    “Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək”.