XƏBƏRLƏR / Siyasət

Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolu var

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib

Azərbaycanın Avropanın enerji təchizatında mühüm rolu var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Avropaya enerji resurslarının tədarükündə çox mühüm rol oynayır.

    Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Trend-ə müsahibəsində deyib.

    "Azərbaycan istər birbaşa Ukraynanın, istərsə də daha geniş anlamda Avropanın enerji təchizatında mühüm rol oynayır. Xatırlayıram ki, ötən ilin yayında avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla, həmçinin, digər ölkələrlə birlikdə Avropanın bu qışdan necə çıxa biləcəyi haqqında düşünürdük. Nəzərə alaq ki, Avropanın bir sıra iri ölkəsi Rusiya neftindən və qazından mühüm dərəcədə asılı idi", - o deyib.

    Donfrid istər mühüm rol oynayan Azərbaycanın, istərsə də maye təbii qaz tədarük edən ABŞ-nin və ya Norveçin Avropanın bu qışa davam gətirəcəyinə zəmanət vermək məqsədilə bazara enerji tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün bir araya gəldiklərini qeyd edib.

    "Bilirəm ki, bu, asan deyildi, enerji qiymətləri çox yüksək idi, lakin, zənnimcə, həqiqətən kritik zamanda ehtiyacların qarşılanması üçün güclərin birləşdirilməsi böyük əhəmiyyət kəsb edirdi", - dövlət katibinin köməkçisi deyib.