Azərbaycanın Baş naziri BƏƏ vitse-prezidenti ilə görüşüb
Ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 15-də Dubay şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırıb.
Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişaf etdiyi diqqətə çatdırılıb.
Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olunub.
Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.