Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib FOTO
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb YENİLƏNİB\VİDEO
14:20
XİN-in Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ANS Press-ə bildirib ki, Tehrandakı səfirliyimizdə müvafiq təhlükəsizlik tədbirləri görülüb. O, bildirib ki, səfir və hal-hazırda iş müddəti bitməmiş əməkdaşlar Tehrandakı səfirlikdə iş başındadırlar. VİDEO
***
11:36
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.
Hal-hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.
Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.
Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə 7 avqust 2021-ci il tarixində bu vəzifəyə təyinat alıb.
Əli Fikrət oğlu Əlizadə 21 iyun 1978-ci ildə Naxçıvanda anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.
2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.
2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.
2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib.
Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
16 iyul 2021 tarixində vəzifəsindən geri çağırılıb.
Ə.Əlizadə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunub. 2014-cü ildə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı" adına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, üç övladı var.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib.
İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.