Azərbaycanın sərhədlərinin bağlı olması əsaslı və zəruridir
Baş nazir Əli Əsədov "AR NK 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nı Milli Məclisə təqdim edib
Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.
“Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”, - deyə Baş nazir vurğulayıb.
Bundan başqa, qeyd edilib ki, 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.
Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olub: “Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcək”.
Baş nazir əlavə edib ki, mövcud geosiyasi şərait nəzərə alınaraq, müdafiə qabiliyyətinin artırılmasına ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb: “Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8.1 milyard manat vəsait ayrılmışdır (2024-cü illə müqayisədə 1.5 mlrd. manat və ya 23% çox). Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik.
Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra Əsədov deyib ki, “İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir. 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə aşkarlanan mina və PHS sayı 237 min ədəd təşkil edib. Bu, minalarla çirklənmiş ərazilərin üçdə bir hissəsidir. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.
3 dəqiqə