XƏBƏRLƏR / Hökumət

Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş keçirilib

Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti müzakirə olunub

Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş keçirilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Oktyabrın 13-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

    Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10 faizdən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb.

    Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8,3 faiz artıb. Bunun 10,4 faiz avtomobil, 2 faizi isə dəmir yolu daşımalarının payına düşür.

    Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında 15% artım müşahidə olunub ki, bunun da 23%-i meyvə-tərəvəz məhsullarının payına düşür.

    Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin gedişindən məmnunluq ifadə ediblər.

    Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi vurğulanıb.

    Görüş zamanı həmçinin əməkdaşlığın mövcud potensialından səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

    Eyni zamanda, Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə region üçün faydalı olacağına əminlik ifadə olunub.