Azərbaycanla Vatikan arasında memorandum imzalanıb
Sənədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti qol çəkiblər

İyulun 28-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb.
Memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə, həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.
Anlaşma memorandumunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad imzalayıblar.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Müqəddəs Yubiley İli münasibətilə təbriklərini çatdıran komitə sədri Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Vurğulayıb ki, katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.
Ölkəmizdəki dini mühit barəsində məlumat verən Ramin Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
R.Məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr həyata keçirir.
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma papaları II İoann Pavel və Fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafındakı roluna toxunub. Bu memorandumu ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 2011-ci il aprelin 29-da “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib. Kardinal, eyni zamanda, sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə ehtiramını bildirib.