Azərbaycanlı deputat Rusiyadan Azərbaycana qaçdı
Xalid Tağızadə federal səviyyədə təzyiqlərə məruz qalıb

Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı, azərbaycanlı Xalid Tağızadə federal səviyyədə təzyiqlərin artması fonunda Rusiyanı tərk edib. Rusiya mətbuatı onun iyunun 3-də Azərbaycana uçduğunu yazıb.
Xatırladaq ki, muxtar dairənin yerli qanunvericilik orqanında müzakirələr zamanı bir sıra deputatlar yerli əhali arasında doğum səviyyəsinin aşağı düşməsi, əksinə, miqrantların və onların uşaqlarının sayının artması ilə bağlı narahatlıqlarını bildiriblər. Xalid Tağızadə buna cavab olaraq bildirib ki, miqrantlar əslində Sibirə - öz tarixi vətənlərinə qayıdırlar, çünki orta əsrlərdə bu ərazi Şeybanilərin hakimiyyəti altında olan Özbək xanlığının tərkibində olub.
Bu qeyd deputata qarşı federal səviyyədə genişmiqyaslı kampaniyaya başlamaq üçün kifayət edib. Tağızadə "separatçılıq", "təxribat", "Rusiyanın suverenliyinə qəsd" və digər ağır cinayətlərdə ittiham olunub. Deputat barəsində iş açılması tələbi ilə Rusiya Baş Prokurorluğuna müraciət göndərilib. O, həmçinin Xantı-Mansiysk Muxtar Dairəsi Dumasında deputat mandatından məhrum edilməyə çağırılıb.