Azərbaycanlı miqrantlar Rusiyanı tərk edir
İl ərzində regionda əcnəbilərin sayı 12 min nəfər azalıb
Sankt-Peterburqda və Leninqrad vilayətində miqrasiya xidməti miqrantların kütləvi geri axınını qeydə alıb.
Əsasən, Azərbaycan, Moldova, Tacikistan və Özbəkistandan olan miqrantların Rusiyanı tərk edərək vətənlərinə geri qayıtdıqları bildirilib.
Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, il ərzində regionda əcnəbilərin sayı 12 min nəfər azalıb.
Sosiologiya elmləri namizədi Yuliya Bayer "78.ru"-ya bildirib ki, miqrantların Rusiyanı tərk etmələri üçün iki səbəb ola bilər. Bunlar rublun məzənnəsinin zəifləməsi və səfərbərlik nəticəsində müharibəyə cəlb olunmaq qorxusudur ki, bu da əcnəbilərin Rusiyada qalmasının onlar üçün sərfəli olmadığını göstərir.