Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb YENİLƏNİB
14:04
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.
Bildirilib ki, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.

“Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.
Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir.
Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub”, - məlumatda qeyd olunub.
***
13:31
2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamın icrası məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməlidir.
Nazirlər Kabineti və Maliyyə Nazirliyi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
3 dəqiqə