Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” istintaqda
Cəlal Arutyunyan bəzi məsələlərə aydınlıq gətirməlidir
“Bu gün səhər mən Cəlal Arutyunyanla danışdım, kiçik hüquqi problem var, həll olunarsa, məncə, o, İstintaq komissiyasının iclasında iştirak edə biləcək”.
Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə bildirib.
O deyib ki, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Cəlal Arutyunyan bəzi məsələlərə aydınlıq gətirməlidir.
“İstintaq komissiyası onun gəlmədiyi təqdirdə heç nə edə bilməyəcək. Amma bizim hazırladığımız qanunvericilik təşəbbüsü istintaq komissiyalarına gələcəkdə imkan verəcək ki, dəvət olunanların iclaslara gəlməmək imkanı olmasın”, - deyə Köçəryan bildirib.
O, həmçinin qeyd edib ki, parlamentin təhqiqat komissiyasının iclasına qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan da dəvət olunub. Şahramanyan hələlik dəvətə cavab verməyib.
“İstintaq komissiyasının həm Şahramanyan, həm də Arutyunyanı dinləməsi çox vacibdir”, - Andranik Köçəryan bildirib.
Köçəryanın sözlərinə görə, parlamentin İstintaq komissiyayası Qarabağ separatçılarının keçmiş başçısı Arayik Arutyunyanı, eləcə də 44 günlük müharibə zamanı “müdafiə naziri” olmuş Cəlal Arutyunyanı məğlubiyyətin səbəblərinin araşdırılması üçün dindirmək istəyir. Amma Arayik Arutyuntan Bakıda həbsdə olduğundan onun dindirilməsi mümkün deyil.
Komissiya bir sıra suallara Cəlal Arutyunyan və Araik Arutyunyan əvəzinə “Artsax”ın sonuncu başçısı Şahramanyandan cavab almaq qərarına gəlib.