BLOQ

Azərbaycan tarixi doğrudanmı yazılmayıb?

Burada mənə nəzərdə tutulan 15 cildliyin yeni “konsepsiya” əsasında yazılacağı arqumentini gətirə bilərlər

Azərbaycan tarixi doğrudanmı yazılmayıb?
  • Oxuma müddəti:

    17 dəqiqə

  • Son günlər Azərbaycan elmi ictimaiyyəti yeni, əslində köhnə, istənilən halda çox mühüm və ağrılı bir problemin gündəmə çıxması ilə təlatümə gəlib. “Təlatüm” sözü yerinə düşmədi, burada yəqin ki, “yüngülvari həyəcan” keçirib demək daha düzgün olardı. Belə ki, AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovun son açıqlamaları azsaylı tarixçilər və alimlər tərəfindən suallar və fikirlər doğursa da, hələ ki, ciddi müzakirələrə yol açmayıb, bu da günümüzün və alimlərimizin “fəallığının” aydın təzahürüdür.
    Azərbaycan tarix camiəsinin tanınmış, ciddi alimlərindən sayılan Kərim müəllimin müasir tarix elmimizin vəziyyətinə dair etirafları çoxdan gözlənilən idi. Hələ bir neçə il əvvəl Tarix institutunun əvvəlki rəhbəri haqqında yazdığım silsilə məqalələrdə bu şəxsin özünün və ətrafında cəmləşdirdiyi bir qrup tarixçinin uzun illər fəaliyyəti nəticəsində Azərbaycan akademik tarix elminin bu fundamental mərkəzində vəziyyətin heç də ürəkaçan olmadığını və yeni direktorun istər elmi-tədqiqatların səviyyəsi, istərsə də institutdakı qeyli-sağlam daxili mühit baxımından çox ağır bir mirasla üzləşəcəyini bildirmişdim.
    Həmin institutun əməkdaşı olmaqla, mövcud problemləri içəridən bilən və instituta rəhbərlik etdiyi bu son illərdə həmin durumu düzəltməyə çalışan prof. Kərim Şükürovun son açıqlamaları vəziyyətin həqiqətən acınacaqlı olduğunu təsdiq edir. “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq”, Azərbaycan tarixçilərinin nəinki dünya hələ “ölkə səviyyəsində özünü təqdim edə bilmədiyi”, institutda qədim yazıları, dilləri bilən mütəxəssislərin olmadığı, “tarix institutunun çox zəif elmi potensialı”, “dövlətin, millətin qarşıya qoyduğu vəzifələri icra edə bilməməsi” və s., və s. kimi hələ çox-çox deyilməyən etirafların qarşısında düzü hörmətli Kərim müəllimə boynuna götürdüyü bu son dərəcə ağır missiyasında uğurlar arzulamaqla mənəvi dəstəyimi bildirib yazımı da burada bitirmək istərdim. Amma Kərim Şükürovun bu açıqlamalarında rastlaşdığım bəzi ziddiyyətli, və bəzi ümumən anlamadığım məqamları onun özünün və tarixçilərimizin köməyi ilə hər halda aydınlaşdırmaq qərarına gəldim.
    “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq” – fikri Kərim müəllimin ən ciddi “etirafı” sayıla bilər. Çünki məhz bu “həqiqətdən” çıxış edərək Kərim Şükürov AMEA Tarix İnstitutu adından “15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq” anonsunu verir.
    “Etiraf” və “həqiqət” sözlərini dırnaq arasına alıram, çünki mənim üçün aydın, və əgər düşündüyüm mənada işlədilibsə, qəbuledilən deyil. “Biz” deyərkən Kərim müəllim kimi, Azərbaycan tarixçilərinin indiki, özünün də mənsub olduğu nəslinimi nəzərdə tutur? Yaxud ümumən, institutun adını daşıdığı Abasqulu ağa Bakıxanovla əsası qoyulmuş müasir Azərbaycan tarixşünaslığına işarə edir?
    Əgər birinci haldırsa, Kərim müəllimin elə öz səmimi etirafına əsasən “elmi potensialı çox zəif olan” Tarix institutu “konseptual yanaşma” əsasında o 15 cildlik tarixi necə yazacaq, kimlərlə yazacaq, hansı konsepsiya əsasında yazacaq?
    Yox, əgər ikinci variant nəzərdə tutulursa, bu, uzun illər Azərbaycan tarixinin ayrı-ayrı dövrlərini ən müxtəlif mənbələr, qədim yazılar, dillər əsasında tədqiq etmiş, ortaya çox ciddi fundamental əsərlər qoymuş və bu gün hansı adla çağırılırsa-çağırılsın (rus, sovet, kommunist) məhz “azərbaycançılıq” mövqeyindən (xüsusilə qədim,orta əsrlər üzrə) bir milli konsepsiya formalaşdırmış görkəmli tarixçilərimizin əməyinin üstündən xətt çəkmək deyilmi ?
    Öz təcrübəmdən: 1918-ci il Azərbaycanda kütləvi qırğınların təhqiqi məqsədilə Cümhuriyyət hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini bölgələr üzrə nəşrə hazırlayarkən bu topluların hər birinə mövzu ilə əlaqədar tarixi öçerklər yazmaq qərarı vermişdim. Tarix boyu bu ərazilərdə ermənilərin yaşamadığı və ya gəlmə xalq olaraq azlıq təşkil etdiyi kontekstində bölgələrin (Bakı, Şirvan, Quba, Gəncə, Muğan, Qarabağ) tarixi ilə tanış olmaq istərkən, bu sahədə hər hansı bütöv, yəni böyük tarixi dövrləri əhatə edən tədqiqatların olmadığı reallığı ilə üzləşdim. Ayrı-ayrı bölgələr və dövrlər üzrə tarixi kitablara - istər müəllif, istər də Azərbaycan tarixinin 1, 3 və 7 cildliklərinə müraciət etdim. İlk olaraq müstəqillik illərində yazılmış əsərlər və xüsusilə 7 cildlik məni heyrətə saldı. Eyni kitabın eyni dövrə aid müxtəlif fəsillərində hadisələrə, faktlara münasibətlər bir-birini təkzib edirdi. Sovet dövrü rus dilində yazılmış 3 cildlik və görkəmli tarixçilərimizin monoqrafiyalarını oxuyanda bu “təzadların” haradan gəldiyi aydınlaşdı. Məqsədim bu açıq-aydın “kampilyasiya” üsulu ilə “tərtib edilmiş” (başqa müəlliflərdən, tədqiqatlardan gətirilən hissələr, parçalar yığını) cildlərin “sirrini” açmaq olmadığından onları kənara qoyaraq, rahatca ilkin “mənbələrə” - 50-70-ci illərdə yazılmış və fundamental əhəmiyyəti həmişə qalacaq əsərlərə üz tutdum. Əbdülkərim Əlizadə, Sara xanım Aşurbəyli, Həsi Abdullayev, Ziya Bünyadov, Fəridə Məmmədova, Hüseyn Ciddi, Əlisöhbət Sumbatzadə, Süleyman Əliyarlı və d. Çox adlar sadalamaq olar. Bu müəlliflərin monoqrafiyalarında, elə indiyədək adı “vayqanlı” rus dilində 3 cildlik (4 kitab) Azərbaycan tarixinin üst qatındakı ideoloji pərdə götürülərsə tariximizin bir çox dövrlərinin təkzib edilməz faktlar, sənədlər əsasında hələ o zaman nə qədər səliqə ilə, məhz “Azərbaycan tarixi” olaraq oturuşmuş milli konsepsiyadan yazıldığının şahidi oldum.
    İndi “ölkənin tarixi hələ də yazılmayıb” iddiası bütün bu tarixi ədəbiyyatı inkar etmək kimi qəbul edilməlidir? Bu əsərlər “ölkənin tarixi” deyilmi? Bu gün sıralarında qədim dövrlər, albanşünaslıq, Şirvanşahlar, Səfəvilər kimi dünya tarixşünaslığının aparıcı istiqamətləri sayılan sahələrdə az-çox nüfuzlu bir nəfər mütəxəssisin olmadığı bir kollektiv həqiqətənmi 15 cildllik “ölkə tarixini yenidən” yazacaq, ya tarixşünaslığımızın “unudulduğu” zənn edilən 40-70-ci illərin qızıl fondu yenə də kampilyasiya mənbəyi olacaq?
    Burada mənə nəzərdə tutulan15 cildliyin yeni “konsepsiya” əsasında yazılacağı arqumentini gətirə bilərlər. Elə isə bu cildləri hazırlamazdan əvvəl həmin konsepsiyaları elmi müzakirəyə çıxarmaq düzgün olmazmı? Azərbaycanın yalnız XIX-XX əsrlər (rus-sovet dövrü) deyil, islamdan tutmuş son orta əsrlərə qədər müxtəlif dövrlər üzrə tarixinə yanaşmalarda nə qədər ziddiyyətlər, mübahisələr olduğu, hər tarixçinin hansısa konsepsiya deyil, yalnız öz düşüncəsi, mövqeyi əsasında ən sərbəst fikirlər yürütdüyü bir zamanda Tarix İnstitutunun elmi orientasiyasını kim və necə müəyyən edəcək? Bu institutda belə bir “təcrübənin” artıq sınaqdan keçirilmiş uğursuz nəticələri ortada olarkən, hər yeni rəhbərlik dövründə Azərbaycan tarixinin yenidən 10, 12, 15 cildliyinin yazılacağı kimi tendensiyanın əsası qoyulmurmu?
    “Xalqımızın tarixi yazılmayıb” iddiası da mənim üçün bir qədər anlaşılmaz oldu. Belə ki, Azərbaycan-türk etnosundan tutmuş xalqının və millətinin formalaşmasına, etnoqrafiya, tarixi sosiologiya, Kərim müəllimin özünün mütəxəssis olduğu demoqrafiya problemləri də daxil müxtəlif sahələrdə və dövrlərdə əhalinin durumuna dair xeyli sayda tədqiqatlar mövcuddur. Lakin Azərbaycan tarixşünaslığında sosial tarix – Cəmiyyətin tarixi demək olar ki, araşdırılmayıb ki, bu da olduqca mühüm, ayrıca istiqamətdir və yalnız mütəxəssislər tərəfindən əsasının qoyulmasına ciddi ehtiyac vardır. Eləcə də sosial tarixin bir bölümü kimi 80-ci illərdə alman tarixşünaslığında “Gündəlik tarix” adı ilə ortaya çıxmış, sonralar Qərb tarixşünaslığında müxtəlif adlarla (“Mikrotarix” -italyan, “Aşağıdan tarix” -ingilis-sakson və s.) ayrıca bir istiqamət kimi formalaşmış çox maraqlı bir cərəyan da təəssüf ki, Azərbaycan tarixşünaslığında ümumiyyətlə hər hansı şəkildə yer almamışdır. Halbuki əsasən alternativ mənbələr - ərizələr, şikayətlər, məktublar, donoslar və s. əsasında yazılan bu tarixi ədəbiyyatda cəmiyyətin ayrı-ayrı təbəqələrinin gündəlik yaşam tərzi, problemləri, hakimiyyətə münasibəti və s. məsələlər fonunda sıravi vətəndaşın həyat təcrübəsinin cəmiyyətdə baş verən mühüm ictimai-siyasi proseslərlə bağlanması kimi konkret tarixi dönəmə yeni metodologiya əsasında tamamilə fərqli bucaqdan baxmaq imkanı yaranır.
    Kərim müəlimin daha bir müddəası mənim üçün qaranlıq qaldı – “dövlətin rəsmi tarixi olmalıdır”?! Olmalıdır ya yazılmalıdır ? “Rəsmi tarix” deyəndə nə anlaşılır? Rəsmi ideologiyaya söykənən tarix, yoxsa nə ? Bəlkə müasir Rusiya tarixşünaslığında mövcud olan tendensiya - ən müxtəlif elmi qurumların, universitetlərin, ayrı-ayrı müəlliflərin yazdıqları və “alternativ tarix” adlanan ədəbiyatla yanaşı yalnız Rusiya Elmlər Akademiyasının tarix institutlarının preraqativi olan “rəsmi tarix” yazmaq nümunəsi nəzərdə tutulur? Elə isə Azərbaycan kimi kiçik və elmi potensialı ümumən məhdud olan bir ölkədə Rusiya təcrübəsi nə dərəcədə məqbul sayıla bilər. Yox, əgər “rəsmi tarix” adı altında hər halda siyasi tarix nəzərdə tutulursa, indiyədək yazılmış bütün tariximiz məhz siyasi tarix, yəni ərazilərimizdə mövcud olmuş dövlətlərin tarixi deyilmi ?
    Burada hörmətli Kərum müəllimin “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq” müddəasının məhz AMEA Tarix İnstitutunun direktoru statusunda səsləndirilməsini ümumən xarici həmkarlarımızın və tariximizə qərəzli baxan qüvvələrin reaksiyası baxımından da namünasib olduğunu vurğulamaq istərdim. Bu məqamı daha geniş açıqlamağı lazım bilmirəm.
    Azərbaycan tarixşünaslığında birmənalı olaraq yeni, müasir baxışlar və elmi konsepsiyalar əsasında aparılacaq tədqiqatlara həqiqətən böyük ehtiyac vardır. Lakin bir elmi müəssisənin, hətta akademik institut olsa belə elmi potensialı zəif olan bir kollektivin qarşısına 15 cildlik, təbii ki, yenə də “klassik” Azərbaycan tarixi yazmaq vəzifəsi qoymaqdansa bəlkə Tarix institutu bu möhtəşəm proyekti hələ ki, vaxtı yetişənə saxlasın, əvəzində ölkənin bütün tarixçilərinin potensialından istifadə etsin və hələ də yazılmamış, yaxud yazılmasına yenidən ehtiyac olan tarixi dövrləri, o cümlədən müasir tariximizi öyrənəcək ayrı-ayrı tarixçilər qrupu ilə işləsin. Bu baxımdan Tarix institutunun hazırda özünü əlahiddə, üstün elmi müəssisə kimi təcəssüm və geniş elmi mühitdən təcrid etdirməsi kimi yaranmaqda olan təsəvvürlər nə dərəcədə həqiqətə uyğundur? Son həftələr sosial şəbəkələrdə Nərimanov ətrafında gedən geniş diskussiyalarda Tarix institutunun hər hansı mövqe nümayiş etdirmədiyi, institutun mütəxəssislərinin Cümhuriyyət və Sovet Azərbaycanı respublikaları tarixinə dair gərgin mübahisələrə qatılmadığını nə ilə izah etmək olar? Zəif potensialı iləmi? Yaxud, tarixə böyük maraq göstərən ictimai rəyə etinasızlıqla? Son nəticədə o 15 cildlik kimin üçün yazılır?
    Sözü gedən diskussiyada 1990-cı illər Azərbaycanda milli-demokratik hərəkatın və sonralar onun içindən çıxan partiyaların üzvü olan tarixçilərin xüsusi fəallığından çıxış edərək, Tarix institutuna bir proyekt təklif etmək istərdim: Müasir dövlətimizin “rəsmi tarixinin” bir hissəsi olan Milli-demokratik hərəkat, onun müxtəlif siyasi qüvvələr şəklində hakimiyyətə gəlməsi, idarəçiliyi və sonrakı taleyi ilə bağlı 1-2 cildlik tədqiqatın yazılmasını həmin hərəkatda təmsil olunan tarixçilərə tapşırmaq hər barədə faydalı olmazmı? Burada söhbətin heç də sıravi mütəxəssislərdən deyil, dünyada tanınmış tarixçi alim, prof. Cəmil Həsənli başda olmaqla digər tarix elmləri doktorları, professorlar, tarixçilər, yəni kifayət qədər peşəkar alimlərdən getdiyi nəzərə alınarsa bilavasitə bu hadisələrin içində olmuş, bu tarixi yaratmış insanlar nə üçün həmin tarixi bütün nailiyyətləri və səhvlərinin təhlili əsasında özləri yazmasınlar?! Bu zaman həmin tarixçilərə də müasir Azərbaycan dövlətçiliyinin mühüm kəsimini təşkil edən mürəkkəb bir tarixi dövrü təmsil etdikləri siyasi təşkilatlar mövqeyindən deyil, məhz iddia etdikləri Tarixçi alim mövqeyindən tərəfsiz, obyektiv, tənqidi qiymətləndirmək şansı verilər və onların da belə həssas mövzularda öz peşələrinə nə dərəcədə uyğun olduqları aydınlaşar.
    Bu gün müasir dünya tarixşünaslığında ən müxtəlif, yeni, maraqlı tarixi istiqamətlər və baxışlar mövcuddur. Tarix institutu gənc və orta yaşlı tarixçiləri ayrı-ayrı qruplar halında birləşdirməklə onların qarşısına Azərbaycan tarixinin müxtəlif dövrlərini yeni konseptual baxışlar bucağından araşdırmaq vəzifəsini qoyarsa, ən əvvəl bu tarixçiləri bir sıra yeni konsepsiyalar ilə tanışlığa, daha sonra yeni müstəvidə tədqiqatlara sövq edə bilər. Bu baxımdan Azərbaycan tarixinin ayrıca götürülmüş “bir ölkə və xalq” kontekstində deyil, daha geniş elmi istiqamətlərdə, məs., mövcud oturuşmuş konsepsiyalar – “İmperiyaşünaslıq” , (imperiya əraziləri, xalqları), “İmperiyalar arasında yerləşən kiçik dövlətlər”, “Sərhədşünaslıq” (“sərhəd dövlətləri, sərhəd xalqları və ziyalıları) kontekstində öyrənilməsi, tarixən 3 imperiyanın tərkibində və qovşağında olmaqla onların təsirini öz üzərində hiss etmiş Azərbaycan kimi kiçik cəmiyyətlərin içindən fərqli dini (təriqət) və siyasi ideologiyaları bölüşən ictimai, siyasi, dövlət xadimlərinin yetişməsi, bu proseslərin müstəqil Azərbaycan dövlətçiliyi ilə nəticələnməsi kimi fenomen hadisələrin araşdırılması Azərbaycanın müasir tarixşünaslığına sözün əsl mənasında yeni nəfəs, yeni nəsil tarixçilər gətirərdi. Məhz bu cür istiqamətlərdə tədqiqatları ilə tarixçilərimiz yalnız ölkə deyil, dünya miqyasına da çıxa bilərdilər.