XƏBƏRLƏR / İctimaiyyət

Bağırov körpüsünü su basıb YENİLƏNİB

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib

Bağırov körpüsünü su basıb YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:10

    Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib.

    “İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, - Eldar Əzizov vurğulayıb.

    O qeyd edib ki, Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq kanalizasiya sistemi də inkişaf etməlidir: "Bu isə bəzən alınır, bəzən yox. Hər halda problemlər mövcuddur. Kanalizasiya sisteminin problemi müəyyən mənada gündəlikdədir və tədbirlər görülür. Bilirsiniz ki, bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifəsidir, amma biz də bu prosesdə iştirak edirik, özümüzü kənarlaşdırmırıq. Hər halda təhlillər aparıldıqdan sonra rəsmi məlumat verəcəyik".

    ***

    05:30

    Bakı şəhərinin Nərimanov rayonunda Bağırov körpüsünü su basıb.

    Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib.

    “Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınmışdır, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılmışdır”, – məlumatda diqqətə çatdırılıb.

    Mətbuat xidmətindən əraziyə icra başçısı Eldar Əzizov və aidiyyəti struktur rəhbərlərinin gələrək əraziyə baxış keçirdiyi, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldığı açıqlanıb.

    “Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır”, – BŞİH-in Mətbuat xidməti qeyd edib.