"Bakı və İrəvanla istənilən formatda işləməyə hazırıq"
ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun sonrakı taleyi haqda belə bəyan edib
Rəsmi Vaşinqton həm Azərbaycan, həm də Ermənistanla istənilən formatda işləməyə hazırdır.
Bu barədə “Amerikanın Səsi” radiosunun Erməni Xidmətinin ATƏT-in Minsk qrupunun sonrakı taleyi və ABŞ-nin bu formatla bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib: “ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Rəsmi Bakı hesab edir ki, Qarabağ münaqişəsi həllini tapdığından ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.