Bakı və Tbilisinin enerji təhlükəsizliyinə mühüm töhfəsi
Azərbaycan Baş naziri Əli Əsədov Tbilisi Beynəlxalq İpək Yolu Forumunda bu barədə danışıb
“Azərbaycan və Gürcüstan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir”.
Bunu Azərbaycan Baş naziri Əli Əsədov Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
Baş nazir bildirib ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya birbaşa nəql edilməsinə imkan yaradıb.
“Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb və sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan təbii qazın təchizat həcmi iki dəfə artırılacaq.
Eyni zamanda, bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsünü salmağa başlayırıq.
Bununla bağlı ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
Artıq Bolqarıstan da layihəyə qoşulmaq niyyətini ifadə edib.
Ümidvarıq ki, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək”, - Baş nazir vurğulayıb.