Bakıda Azərbaycan-İraq Komissiyasının iclası keçirilib
Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib YENİLƏNİB
15:33
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan və İraq Hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak edib.
Bunu nazir öz sosial şəbəkə hesabında bildirib.
"Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirdik. İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr apardıq", - deyə R.Nəbiyev qeyd edib.
***
09:47
İraqın rabitə naziri Hayam əl-Yasiri Bakıya səfər edib.
Bu barədə İraq mediası xəbər verir.

Məlumata görə, səfərin məqsədi Azərbaycan və İraq arasında imzalanmış razılaşmaların və Anlaşma Memorandumlarının icra vəziyyətini müzakirə etmək, eləcə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirməkdir.
O həmçinin, Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında iştirak edəcək.
Görüşlər çərçivəsində Azərbaycanla kommunikasiya və rəqəmsal texnologiyalar sahəsində birgə layihələr, qarşılıqlı təcrübə mübadiləsi və yeni əməkdaşlıq istiqamətləri üzrə danışıqlar aparılacağı gözlənilir.
***
09:29
Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək.
Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.
Xəyyam Əl-Yəsri bu gündən etibarən Bakıda səfərdədir. Daha əvvəl bildirildiyi kimi, səfər çərçivəsində iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icra vəziyyəti müzakirə olunacaq.
Səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın gücləndirilməsinə, habelə rabitə və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın yeni imkanlarının araşdırılmasına yönəlib.
Xatırladaq ki, hökumətlərarası komissiyanın əvvəlki, yəni üçüncü iclası 2023-cü ilin dekabrında Bağdadda keçirilib.
2024-cü ilə olan məlumata görə, Azərbaycanda müxtəlif sektorlarda təxminən 170 İraq şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak ediblər. İraqda tikinti, enerji təchizatı, su təminatı, yol və körpülərin çəkilməsi kimi sahələrdə tələbatın mövcudluğu şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açır.
3 dəqiqə