XƏBƏRLƏR / Maliyyə

Bakıda bankçılıq və maliyyə sammiti keçirilir

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır

Bakıda bankçılıq və maliyyə sammiti keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyunun 13-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Fintex Assosiasiyasının, Mərkəzi Bankın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə iki günlük “Fintex summit”i öz işinə başlayıb.

    Sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes, həmçinin ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

    Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.