Bakıda “Critical Infrastructure Defence Challenge 2025”
Tədbir çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək

Oktyabrın 9-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri keçirilir.
İki il əvvəl ilk dəfə təşkil olunmuş bu formatdakı tədbir kimi CIDC-2025 də dövlət qurumlarının nümayəndələrini, sahə üzrə qabaqcıl ekspertləri və tələbələri bir araya gətirir. Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində müasir tendensiyaların müzakirəsi, real problemlərin həlli və müasir çağırışlara cavab verən kibermüdafiə həllərinin nümayiş etdirilməsidir.
CIDC-2025 çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Bu təlimlərin məqsədi virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunması üzrə praktiki bacarıqların artırılmasıdır. Təlimlər zamanı 3-5 nəfərlik komandalar öz virtual informasiya sistemlərini simulyasiya olunmuş kiberhücumlara qarşı müdafiə etməyə çalışacaqlar. Təlimlərin mükafat fondu 30 min manat təşkil edir.
Tədbir çərçivəsində, həmçinin kibertəhlükəsizlik üzrə konfrans keçiriləcək. Konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkanda mövcud problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər.
Bundan əlavə, tədbir çərçivəsində “Hack The Future 2” adlı pulsuz təlim proqramı təşkil olunacaq. Bu proqram çərçivəsində müxtəlif yaş və bilik səviyyələri nəzərə alınaraq, tədbirin iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində altı pulsuz ustad dərsi keçiriləcək.