“DroneX” komandası ABŞ-də nüfuzlu yarışda iştirak edəcək
Komanda azərbaycanlı tələbələrdən ibarətdir
Azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandası pilotsuz uçuş aparatları (PUA) sahəsində dünyanın ən nüfuzlu müsabiqəsi olan “SUAS 2023”də iştirak edəcək.
Yarışın ilk mərhələsini uğurla keçən komanda iyunun 21-22-si müsabiqənin final mərhələsində iştirak etmək üçün ABŞ-nin Merilend ştatına yola düşüb.
“Palmali Holding”in dəstək olduğu “DroneX” komandası 2022-ci ildə Türkiyənin Yıldız Teknik Universitetinin azərbaycanlı tələbələri tərəfindən PUA sahəsində müdafiə sənayesinə istiqamətlənən yenilikçi layihələrin həyata keçirilməsi məqsədilə yaradılıb. “DroneX” yaradıldıqdan bu yana “Teknofest Azərbaycan” PUA, Teknofest “Serbest Görev Uluslararası İHA” 2022 və Teknofest “Uluslararası İHA” 2023 olmaqla üç böyük yarışda iştirak edib. Komanda 2023-cü ildə keçirilən “Teknofest”də inkişaf etdirdikləri və texnoloji bacarıqları ilə önə çıxan “MÜBARİZ” adlı Silahlı Pilotsuz Uçuş Aparatı ilə birinci yerə layiq görülüb. Komanda bu uğurunu Azərbaycan şəhidlərinə həsr edib.