XƏBƏRLƏR / İctimaiyyət

Bakıda dekolonizasiya ilə bağlı konfrans keçirilir

“Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər”

Bakıda dekolonizasiya ilə bağlı konfrans keçirilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir.

    Konfrans Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutur.

    Tədbirdə Qvadelupun müstəqilliyi uğurunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak edirlər.

    Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələlər geniş müzakirə olunacaq.

    Tədbirdə departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olacaq.

    Konfransda Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi geniş müzakirə olunacaq.

    Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri & rəqsləri” adlı konsert keçiriləcək.

    Mədəni proqramda Qvadelup musiqisi ilə Azərbaycan musiqisinin harmoniyası tamaşaçılara təqdim ediləcək. Tədbirdə Qvadelupun məşhur Lakou Veranda Qrupu çıxış edərək, öz unikal musiqi və ritmləri ilə iştirakçıları valeh edəcək.