Bakıda İƏT Mədəniyyət Festivalı keçirilir YENİLƏNİR
Azərbaycan bu tədbirə ilk dəfə ev sahibliyi edir
12:15
Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsi Pakistanı qardaş ölkə kimi həqiqətən qürurlandırır. Bakı bu gün İslam dünyasının mədəni, yaradıcı və intellektual görüş mərtəbəsinə çevrilərək, qarşılıqlı əməkdaşlığımıza yeni nəfəs verir.
Bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi deyib.

O qeyd edib ki, Pakistan, İslam həmrəyliyinin güclənməsinə və ortaq mədəni dəyərlərimizin təşviqinə xidmət edən bu kimi təşəbbüslərdə hər zaman fəal iştirak etməyə hazırdır. “Biz bu platformanı sadəcə festival deyil, İslam dünyasında mədəni yaxınlaşma, yaradıcılıq mübadiləsi və strateji əməkdaşlıq üçün mühüm imkan kimi görürük. Bu tədbir bir daha nümayiş etdirir ki, ortaq tariximiz, mədəni köklərimiz və dini birliyimiz bizləri təkcə simvolik deyil, real tərəfdaşlıq ruhu ilə birləşdirir. Bu birliyin davamlı möhkəmlənməsi üçün Pakistan olaraq bütün səviyyələrdə əməkdaşlığa sadiq olduğumuzu xüsusi vurğulamaq istəyirik.
Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımlar, habelə regional və qlobal miqyasda mədəni əməkdaşlığa verdiyi töhfə təqdirəlayiqdir. Biz bu səmərəli fəaliyyətin davamlı olacağına və İslam dünyasının mədəni identikliyinin daha da güclənməsinə xidmət edəcəyinə inanırıq”,-deyə nazir əlavə edib.
12:05
İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi, bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir, yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək.
Bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində mədəniyyət naziri Adil Kərimli deyib.

O qeyd edib ki, BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD), UNESCO və digər beynəlxalq qurumların hesabatlarına görə, dünyada ÜDM-nin ən azı 3 faizi mədəni və yaradıcı sənayelərin payına düşür. Cari ildə kreativ sənayenin bir sıra sahələrində 2024-cü ilə nisbətən nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, kino sənayesində 15.13 faiz, oyun sənayesində 8.01 faiz, onlayn platformalarda 22.56 faiz, musiqi, radio və podkast sektorunda 63.47 faiz, kitab, jurnal və qəzet sektorunda isə 6.95 faiz artım müşahidə olunub. Bu səbəbdən, mədəni və yaradıcılıq sənayelərinin inkişafı milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
“Bu səbəbdən tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın Birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik. Çünki bu tədbirə ev sahibliyi etmək və bu qədər geniş və rəngarəng yaradıcı insanların burada iştirakını təmin etmək bizim üçün böyük şərəf və qürurdur”,-deyə nazir vurğulayıb.
***
11:38
Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilir.
İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirir.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin - tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
Tədbirdə 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edir. Bu isə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir. Festival çərçivəsində təxminən 5 min ziyarətçinin iştirakı gözlənilir.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.
Qeyd edək ki, festival dekabrın 5-dən 11-dək davam edəcək.
6 dəqiqə