Conni Depp 20 milyon dollarlıq müqaviləyə imza atıb
“Dior” şirkəti sevilən Hollivud aktyoru Conni Depplə yeni layihələr çərçivəsində işgüzar əlaqələrini daha da gücləndirir
Hollivud ulduzu, aktyor Conni Depp moda brendi tarixində ən böyük müqaviləyə imza atıb.
Kinonews.ru saytı xəbər verir ki, məşhur “Dior” şirkəti sevilən Hollivud aktyoru Conni Depplə yeni layihələr çərçivəsində işgüzar əlaqələrini daha da gücləndirir.
Şirkətlə aktyor arasında imzalanan üçillik yeni müqavilənin dəyəri 20 milyon dollardan çox olacaq. Bu yeni anlaşma Robert Pattinsonun “Dior Homme” ilə 12 milyon dollarlıq, həmçinin Bred Pitin “Chanel № 5”lə əməkdaşlıqdan qazandıqları 7 milyon dollarlıq müqavilələrini üstələyib.
Dünyaşöhrətli ətir brendlərinin verdikləri məlumata görə, mütəmadi olaraq ətir istehsalçıları ilə sövdələşən dünya ulduzlarının əksəriyyəti ildə təxminən 2-4 milyon dollar gəlir əldə edirlər. Təkcə “Armani” brendi ilə müqaviləsinin dəyəri 4 milyon dollar olan məşhur aktyor Kris Pineni də bu siyahıya aid etmək olar.
Qeyd edək ki, Conni Depp 2015-ci ildən məşhur ətir brendi olan “Dior Sauvage”ın simasıdır.