XƏBƏRLƏR / İctimaiyyət

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb

Bəyanat qəbul edilib

Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib.

    İki gün davam edən konfrans çərçivəsində humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin inkişafına yönəlmiş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

    Konfrans həmçinin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfələri təqdim etmək üçün mühüm platforma rolunu oynayıb.

    Tədbirin birinci günündə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

    Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öz təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

    Açılış nitqi ilə çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu ilki konfransın mövzusu Azərbaycanın təcrübəsini birbaşa əks etdirir.

    Hayat Nasar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisinin adından danışaraq mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan hökuməti və ANAMA arasında əməkdaşlığın təməl daşı olduğunu qeyd edib.

    Daha sonra bir sıra panel sessiyalar baş tutub, sual-cavabla tədbir davam edib.

    Tədbirin ikinci günü panel sessiyalarla davam edib, sonda yekun bəyanat qəbul edilərək konfrans işini başa vurub.