
13:48
Fransa Qvianada təhsil sistemini tamamilə müstəmləkə siyasətinə uyğun quraraq xalqın assimilyasiyasına nail olmağa çalışır. Məktəblərdə dərslər yalnız fransız dilində keçirilir, uşaqlara yalnız Fransa tarixi və mədəniyyəti öyrədilir.
Bu fikri “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın “Müstəqillik uğrunda mübarizədə milli kimlik” adlı panel iclasında çıxış edən Fransız Qvianasının Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) fəalı xanım Dominik Monte deyib.
O diqqətə çatdırıb ki, Fransa müstəmləkə siyasəti yürütməklə Fransız Qvianasında yaşayan xalqın təkcə təbii sərvətlərini deyil, milli təhsilini, mənəvi dəyərlərini, adət-ənənələrini də məhvə məhkum edib.
“Rəsmi Paris öz müstəmləkə siyasəti ilə bizi dəyərlərimizdən, milli köklərimizdən ayırmağa çalışır. Təhsilimiz yalnız fransız dilindən və Fransa tarixini öyrənməkdən ibarətdir ki, bunlar da yerli xalqın tamamilə assimilyasiyaya uğraması üçün həyata keçirilir”, - deyə xanım Dominik Monte vurğulayıb. Onun sözlərinə görə, milli kimliyin unutdurulması son nəticədə xalqın tarix səhnəsindən silinməsinə gətirib çıxaracaq.
Fransız Qvianasının siyasi fəalı bəyan edib ki, artıq yerli xalq öz hüquqları uğrunda mübarizəyə başlayıb və Fransa hökuməti qarşısında konkret tələblərlə çıxış edir. Fransız Qvianasında milli özünüdərk prosesi sürətlənir və gələcəkdə müstəqillik uğrunda mübarizə daha da güclənəcək. Siyasi fəal bildirib ki, Fransız Qvianasında yaşayanlar milli kökləri üzərində inkişaf etmək arzusundadırlar və müstəqilliyə mütləq nail olacaqlar.
“Biz gerçək kimliyimizi bərpa edəcəyik və mübarizəmizi davam etdirərək müstəqil və milli inkişafa qədəm qoyacağıq. Biz buna inanırıq və inandığımız üçün də mübarizəni davam etdirəcəyik”, - deyə xanım Dominik Monte vurğulayıb.
***
12:14
Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Korsika xalqı yox olmaq ərəfəsindədir. Hərbi yolla ələ keçirilən Korsika adası tarixin bütün mərhələlərində Fransanın təzyiqinə məruz qalıb. Demokratiya və azadlıqdan danışaraq bu dəyərləri özünün prioritet siyasəti hesab edən rəsmi Paris korsikalılara qarşı hər zaman amansız davranıb.
Иu sözləri Bakıda keçirilən Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən korsikalı nümayəndə Fransua Benedetti deyib.
O bildirib ki, Korsika adasını tam müstəmləkə altına almaq və xalqın azadlıq istəyini boğmaq üçün Fransa ilk növbədə korsikalıların mədəniyyətini və dinini istismar etməyə başladı. Bütün vasitələrdən istifadə olundu ki, korsikalılar öz dinlərindən imtina etsinlər. Korsikada yaradılmış “Natsione” hərəkatının 200 nümayəndəsi qanunsuz olaraq həbs edilib. Onlar siyasi məhbuslardır və biz onlara azadlıq tələb edirik.
F. Benedetti diqqətə çatdırıb ki, müasir dövrdə Fransa türmələrində siyasi məhbusların olması rəsmi Parisin çirkin siyasətini aşkar edir. Dünya dövlətlərinə demokratiyadan dərs keçən Fransada hazırda korsikalılardan ibarət 200-dən çox siyasi məhbus var.
Korsikada keçirilən assimilyasiya siyasəti xalqın ildən-ilə azalmasına səbəb olur. Məktəb dərsliklərində və ali məktəblərdə Korsika tarixi, dili, ədəbiyyatı barədə heç bir məlumat verilmir. Bizi fransızlar kimi təqdim edirlər. Korsikalılar Fransanın həyata keçirdiyi müstəmləkəçilik siyasəti ilə heç vaxt barışmayacaqlar.
***
11:25
Məqsədimiz Kanakda olan siyasi məhbusların azadlığa çıxmasına nail olmaqdan ibarətdir. Bakı Təşəbbüs Qrupuna bu işdə bizə yardım etdiyinə görə təşəkkürümüzü bildiririk.
Bu sözləri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda kanakların nümayəndəsi Adue Kristelle deyib.
O bildirib ki, Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 1980-ci ildən başlayaraq 40 faiz azalıb. Siyasi mübarizədə iştirak edən 3500 nəfər həbs edilərək türmələrdə öldürülüb. Fransa hökuməti Kanak xalqının təhsilini, dilini, dinini hər addımda məhdudlaşdırır. Xalqımız təhdid və təzyiqlərə məruz qalır. Kanak xalqını qorxudub, onu müstəqillik yolundan döndərməyə çalışırlar. Lakin kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək, müstəqillik yolundan dönməyəcək.
Adue Kristelle Bakı Təşəbbüs Qrupuna belə tədbir keçirib azsaylı xalqların hüququnun qorunmasında iştirak etdiyinə görə minnətdarlığını bildirib.
***
10:57
Assimilyasiya kütləvi qırğın silahıdır. Afrikalılar əsrlər boyu buna məruz qalıblar. Məcburi assimilyasiya isə çox təhlükəlidir. Buna qarşı mübarizəmiz davam edir.
Bunu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda deyib.
“Qvadelupa öz mədəniyyətini, mədəni irsini və ənənələrini yaşatmağa çalışır. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir”, - deyə Qvadelupa nümayəndəsi bildirib.
***
10:48
Bakı Təşəbbüs Qrupu kolonializmlə mübarizədə bizə nümunəvi şəkildə dəstək göstərir.
Bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi fikirlərinə belə davam edib: “Bizim azadlıq mübarizəmiz başlayıb və müstəmləkədən azadlığa nail olana kimi davam edəcək. Fəaliyyətimizdə nailiyyətlər əldə etmişik ki, bu da düşmənə qarşı mübarizə aparmağa imkan verəcək. Bizim xalqlarımız birgə qətiyyətlə mübarizə aparır. Mübarizəmizin beynəlxalq səviyyəyə çatdırılması vacibdir. Çünki biz dəstək almalıyıq. BMT bizim tərəfdaşımız ola bilər. Burada Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. BTQ nümunəvi şəkildə bizə dəstək göstərir. Kolonializmdən əziyyət çəkən ərazilərin sakinləri ədalət üçün vuruşur, çiçəklənmək, azad olmaq istəyirlər. BMT bir sıra qətnamələrlə üzv dövlətlərə müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərin artırılmasına çağırış edib
Biz bütün ölkə və beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə şahid olmağa dəvət edirik. BTQ-nin fəaliyyəti örnək olmalıdır.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi insanlığın tələb etdiyi qaydada bu mübarizədə həmin xalqların yanındadır.
Dominantlığı qorumaq istəyən dövlətlər insanlığın nifrətini qazanır. Biz beynəlxalq səviyyədə mediasiyaya başlamalıyıq. Burada BMT-nin dəstəyinə güvənə bilərik. Təşkilatın Dekolonizasiya Komitəsi bizə dəstək göstərməlidir. Suverenliyə nail olanda hüquqi və siyasi imkanlar formalaşacaq. Biz daha ədalətli dünya üçün müstəmləkəçiliyin hər bir formasına qarşı birgə mübarizə aparmalıyıq”.
***
09:35
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə ediləcək.
Həmçinin kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin nyu kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.