XƏBƏRLƏR / İctimaiyyət

Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda konfrans

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib YENİLƏNİB

Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda konfrans
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 10:00

    Dialoq qurulması istiqamətdə etdiyimiz çoxsaylı müraciətlər BMT-nin ali orqanlarının, Baş Assambleyanın və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Həmin sənədlərdə biz dünya ictimaiyyətini Ermənistan–Azərbaycan münaqişəsinin tarixi kökləri və mahiyyəti barədə məlumatlandıraraq bildirmişik ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri fərdi və kollektiv cinayətlərin tarixi 200 il əvvələ gedib çıxsa da, son 100 ildə bu cinayətlər daha da genişlənmiş və bütün hədləri aşıb.

    Bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov "Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

    O bildirib ki, əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, ən sonda 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilib.

    “Təkcə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc azərbaycanlı sakin etnik və dini zəmində ermənilər tərəfindən qətlə yetirilib, 400-dən artıq soydaşımız bədən xəsarəti alıb. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar və ictimai təsərrüfatlar üzrə on milyardlarla ABŞ dolları həcmində maddi ziyan vurulub. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil.

    Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir”, - deyə Əziz Ələkbərov qeyd edib.

    ***

    09:35

    Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilir.

    Əvvəlcə Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

    Daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub:

    "Hörmətli konfrans iştirakçıları!

    Sizi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.

    Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

    Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

    Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

    Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

    Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

    Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

    2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

    İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

    Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram".

    Konfransda Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olunacaq.

    Tədbirdə “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar”, “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi”, “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzularında panellər keçiriləcək.

    Qeyd edək ki, 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlər müzakirələrdə iştirak edir.