12:13
Bakı şəhəri, Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.



İlkin araşdırmalara əsasən, Agentliyin əməkdaşları tərəfindən restoranda keçirilən yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, qida məhsullarının emalı və saxlanılması zamanı nöqsanlara və çarpaz çirklənmə risklərinə yol verildiyi müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.
***
08:05
Oktyabrın 31-də Bakının Nizami rayonunda 4 qadın zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.
***
00:50
Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.
Hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.
Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini iddia edib.
Məlumata görə, onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya aparılıb.
Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
2 dəqiqə