Bakıda tank əleyhinə zirehdələn raket mərmisi aşkarlanıb

FHN xəbər verir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 40 mm-lik “PQ-7L” markalı tank əleyhinə zirehdələn kumulyativ idarəolunmayan raket mərmisi olduğu müəyyən edilib.

    Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.