Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin iclasıdır
Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb
Dekabrın 3-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclası keçirilir.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), nazirlik yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb.
Qeyd edək ki, Bakıda təşkil olunan iclasda İşçi qrupunun ötən il 30 sentyabr - 1 oktyabrda Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçirilir.
Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.
Tədbirin sonunda Bəyannamənin qəbulu planlaşdırılır.
Qeyd edək ki, Türk dövlətlərinin ümumi xəritəsi hazırlanıb.
Bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Ehtiyatları Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Kartoqrafiya və Geodeziya Xidmətinkn direktor müavini İsabekov Narınbek Duyşekeyeviç deyib.
Onun sözlərinə görə, xəritə Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında təqdim ediləcək.
O qeyd edib ki, Türk dövlətləri dünyanın yarısını təmsil edir:
"Biz Türk dövlətləri olaraq dünyanın yarısıyıq. Biz bu dünyada önəmlilik daşıyırıq, bu dünyanın gələcəyini təmsil edirik".
2 dəqiqə