
13:03
Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
***
11:34
Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
***09:34
Dünən gecə 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı məsələni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hazırda araşdırır.
Bu barədə AQTA-dan bildirilib.
Məlumatda qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".
Qeyd edək ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bu barədə KTM-dən məlumat verilib.
Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.
***08:33
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.
02:39
Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Restoranda ürəkbulanma və başgicəllənmədən şikayətlənən şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.
Onların restorandakı qidadan zəhərləndiyi ehtimal edilir.
Son məlumata görə, Kliniki Tibbi Mərkəzə 25 nəfər hospilitizasiya olunub.