Ukraynaya növbəti humanitar yardım göndərilib FOTO
Yardım elektrik avadanlıqlarından ibarətdir

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.
Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Bildirilib ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb.
Ukraynanın müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
"Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Bakıdan Ukraynaya humanitar yardımın yola salınma mərasimində deyib.
O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün istifadə edəcək.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.